İki neytron ulduzunun toqquşmasından maqnetarın yaranmasına dair müşahidə sübutu əldə olunub Okt 01, 2026 | 16:10 / ASTRO XƏBƏRLƏR

EP250704a rentgen mənbəyinin şüalanma xüsusiyyətlərinin tədqiqi göstərib ki, iki neytron ulduzunun toqquşmasından sonra maqnetar yarana bilər. Alimlər ilk dəfə qısa qamma-şüa partlayışından dərhal sonra rentgen diapazonunda uzunmüddətli şüalanma qeydə alıb, mənbəyə qədər olan məsafəni müəyyənləşdirərək hər iki hadisəni eyniləşdiriblər.

İndiyədək məlum idi ki, iki neytron ulduzunun birləşməsi qısamüddətli, adətən ≲2 saniyə davam edən qamma-şüa alışmaları ilə müşayiət olunur. Lakin belə hadisələr zamanı eyni zamanda yarana biləcək yumşaq rentgen şüalanmasının xüsusiyyətləri kifayət qədər öyrənilməmişdi. Əvvəlki müşahidələrdə daha uzunmüddətli rentgen komponentinin mövcudluğu ehtimal edilsə də, onun birbaşa müşahidə ilə təsdiqlənməsi mümkün olmamışdı.

Yeni tədqiqatda isə təxminən 0,4 saniyə davam edən GRB 250704B qamma-şüa partlayışından dərhal sonra yumşaq rentgen diapazonunda (0,5–4 keV) təxminən 560 saniyə, yəni təxminən 10 dəqiqə davam edən güclü alışma qeydə alınıb. Tədqiqatçılar hesab edirlər ki, belə uzunmüddətli şüalanma birləşmədən sonra  çox güclü maqnit sahəsinə malik neytron ulduzunun — maqnetarın yaranması ilə izah oluna bilər.

Neytron ulduzları massiv ulduzların nüvələrinin kollapsından sonra yaranan, diametri təxminən 20 kilometr olan son dərəcə sıx kompakt obyektlərdir. İki neytron ulduzunun birləşməsi qısa qamma-şüa partlayışları yarada və güclü qravitasiya dalğaları yaya bilər. Əgər birləşmədən sonra maqnetar yaranırsa, nəticədə şüalanmanın daha uzunmüddətli və parlaq olmasına səbəb olur. Maqnetarlar güclü maqnit sahəsinə malik neytron ulduzlarıdır. Massiv ulduzların kollapsından və ya iki neytron ulduzunun birləşməsindən yaranır.

EP250704a hadisəsi 4 iyul 2025-ci ildə eyni vaxtda üç kosmik teleskop tərəfindən qeydə alınıb. Təxminən 0,5 saniyə davam edən qamma alışmanın ardınca 10 dəqiqəyə yaxın davam edən yumşaq rentgen şüalanması qeydə alınıb. Bir sözlə, qısa və sərt qamma alışmasının ardınca ayrıca uzunmüddətli yumşaq rentgen şüalanması mərhələsinin mövcudluğu ilk dəfə birbaşa müşahidə olunub.

Mənbələrin eyniləşdirilməsi üçün VLT (Very Large Telescope) “X-shooter” spektroqrafı ilə alınmış spektrlərdə Mg və Fe spektral xətləri əsasında qırmızı sürüşmə 0,6610 müəyyən edilib. Məhz bu ölçmə mənbənin məsafəsini təyin etməyə və rentgen alışmasını GRB 250704B qamma-şüa mənbəyi ilə əlaqələndirməyə imkan verib. Mənbə Yerdən təxminən 6 milyard işıq ili uzaqlıqda yerləşir. Mənbənin ətrafında heç bir supernova qalıqlarının aşkar edilməməsi də onun massiv ulduzun adi nüvə kollapsından deyil, kompakt obyektlərin, böyük ehtimalla iki neytron ulduzunun birləşməsindən yaranması ssenarisini dəstəkləyir.

Tədqiqatın nəticələri göstərir ki, neytron ulduzlarının birləşməsindən sonra uzunmüddətli yumşaq rentgen şüalanması yarana bilər və belə hadisələr qravitasiya dalğası mənbələrinin mühüm elektromaqnit dalğalarının analoqu ola bilər. Bu isə gələcəkdə qravitasiya dalğası hadisələrinin rentgen diapazonunda aşkar edilməsi və onların mənbələrinin eyniləşdirilməsi üçün yeni imkanlar yaradır.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “Science Bulletin”də ( 30 sentyabr) dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.