Çin Xalq Respublikasının Honq Konq şəhərində “Quantum Universe 2026: Quantum Science, Astrophysics & Fundamental Physics – Focusing on developments in quantum science, astrophysics, cosmology, fundamental physics, and our understanding of the universe” mövzusunda beynəlxalq konfrans keçirilib.
Kvant elmi, astrofizika, kosmologiya və fundamental fizika sahələrindəki inkişaflara, eləcə də kainat haqqında elmi təsəvvürlərin genişləndirilməsinə həsr olunan beynəlxalq tədbirdə dünyanın müxtəlif elmi mərkəzlərindən alim və tədqiqatçılar iştirak ediblər. Konfransda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşı da elmi məruzə ilə çıxış edib.
ŞAR-ın “Nəzəri Astrofizika və Kosmologiya” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Əhməd oğlu Nurməmmədov konfransın “Astrofizika, kosmologiya və kosmik tədqiqatlar” bölməsində “Saturn planetində plazma və maqnitosferasında maqnitohidrodinamik tarazlığın tədqiqi” (An Application of Non-Classical Mathematical Physics Models to the Planet Saturn for Investigation of Plasma and Magnetohydrodynamic Equilibrium) mövzusunda məruzə ilə çıxış edib.
Məhəmməd Nurməmmədov məruzəsində Saturnun maqnitosferasında soyuq plazma modelinin qurulması və maqnitohidrodinamik tarazlığın tədqiqi ilə bağlı aparılan araşdırmanın nəticələrini təqdim edib. Bildirilib ki, kosmik aparatların müşahidələrinə əsasən, Saturnun peyki Enseladdan (Enceladus) mənbələnən soyuq plazma elektron, ion və toz komponentlərindən ibarət olmaqla Saturnun maqnitosferasına daxil olur və burada isti plazma ilə qarşılıqlı təsirdə tarazlıq vəziyyəti yaradır.
Tədqiqat zamanı maqnitosferada Lorens qüvvəsi, plazma təzyiqinin qradienti və mərkəzdənqaçma qüvvələrinin qarşılıqlı tarazlığı nəzərə alınaraq maqnitohidrodinamik tarazlığın şərtləri müəyyənləşdirilib.
Müəllif tərəfindən qeyri-klassik riyazi fizika tənliklərindən istifadə edilməklə soyuq plazmanın model tənliyi qurulub. Daha sonra balans qüvvəsi tənliyi bu modelə daxil edilərək onun analitik həlləri əldə olunub və Saturnun maqnitosferində maqnitohidrodinamik tarazlığın şərtləri müəyyən edilib. Eyni zamanda, diferensial fırlanma şəraitində “poloidal” və “toroidal” maqnit sahələrinin dayanıqlı təsirini təmin edən şərt də müəyyənləşdirilib.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışdan sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, konfransın elmi komitəsi tərəfindən Məhəmməd Nurməmmədova tədbirdə iştirakını təsdiq edən sertifikat təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.