Avropa Cənub Rəsədxanasının “MOONS” (Multi-Object Optical and Near-infrared Spectrograph) spektroqrafının ilk müşahidəsi uğurla yekunlaşıb. Spektroqraf Çilidə yerləşən Paranal Rəsədxanasının VLT (Very Large Telescope) teleskopuna quraşdırılıb. “MOONS” un görüş sahəsi bir ekspozisiyada 1000 obyekti müşahidə etməyə imkan verir. Spektroqraf qırmızı və infraqırmızı şüalarda müşahidə aparacaq. Bu diapazon tozla örtülmüş obyektləri müşahidə etməyə imkan verir. Belə geniş görüş bucağı və müşahidə diapazonu sayəsində spektroqraf qalaktikanın mərkəzini və erkən kainatda uzaq qalaktikaların necə formalaşdığını görməyə imkan verir.
Spektroqraf iki hissədən - korreksiya edici linzalar sitemindən hansı ki, VLT-nin güzgüsünün əyriliyini belə geniş görüş sahəsi üçün korreksiya edəcək və 1001 ədəd Fiber Positioning Unit-dən (FPU), 20 ədəd kamera və 48 reper yerləşdirilmiş monolit blokdan ibarətdir. Hər bir FPU müstəqil şəkildə idarə olunur. Müşahidə prosesində sistemdə yaranan termal genişlənmələr nəzərə alınır və korrektə edilir. FPU-ların mövqelərinin saxlanılması 15 μm-dən yüksək dəqiqliklə təmin olunur.
MOONS sistemi arxa-arxaya yerləşdirilmiş iki üçkanallı spektroqrafdan ibarətdir. Hər spektroqraf RI, YJ və H diapazonlarında eyni zamanda müşahidə aparmağa imkan verir. Bu quruluş həm çoxkanallı müşahidəni, həm də geniş spektral diapazonun eyni vaxtda əhatə olunmasını təmin edir. Bundan əlavə, blok özü bütövlükdə 200 μm məsafədə hərəkət etdirilə bilir. Nəticədə növbəti ekspozisiyada fiber spektrləri detektorun əvvəl istifadə olunmayan sahələrinə yönəldilir. Bu üsul yararsız piksellər, digər cihaz xətalarının təsirini azaltmağa və onların daha effektiv korrektə edilməsinə imkan verir. Spekrtoqraf ölçüsünə görə VLT-nin baş fokusuna deyil, Nasmit portuna yerləşdirilib. Cihaz müşahidədən obyektin kütləsini, sürətini və ən əsası kimyəvi tərkibini müəyyən etməyə imkan verir. Spektrlərin digər istilik mənbələri tərəfində çirklənməməsi üçün spektroqraf kriostata yerləşdirilib. Bunun üçün hündürlüyü 4.5 m, uzunluğu 10 m olan cihaz -143 ÷ -231 dərəcə Selsiyədək, 5000 ton maye azotla soyudulur. Bu da Yerüstü teleskoplar üçün indiyədək hazırlanmış ən böyük kriostatlardan biridir.
İnfraqırmızı diapazon tozla əhatələnmiş və adi işığın görə bilmədiyi obyektləri müşahidəsində istifadə olunur. Qalaktikanın diski və mərkəzi qalın qaz-toz təbəqəsi ilə örtülüb. Məhz bu hissəsinin belə geniş baxış sahəsi ilə müşahidəyə malik ilk cihaz “MOONS” olacaq və infraqızmızı astronomiyada olan boşluğu dolduracaq. Kainat genişləndiyindən göy cisimlərindən gələn işığın daha uzundalğalı tərəfə sürüşməsinə səbəb olur. “MOONS” isə eyni anda infraqırmızı diapazonda nə qədər çox obyektin olduğunu göstərəcək. Bu Kainatın təkamülü baxımından çox vacib məqamdır. Onun Qalaktikanın tozla örtülmüş ulduzlar da daxil olmaqla, 40.000 işıq ili uzaqlıqdakı ulduzları araşdıra biləcəyi və Süd Yolunun dəqiq 3D xəritəsinin qurulmasına imkan verəcəyi gözlənilir.
“MOONS” Böyük Britaniyanın Astronomiya Texnologiyaları Mərkəzinin rəhbərliyi altında həyat keçirilən beynəlxalq layihədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.