Rəsədxanada növbəti olimpiadaya hazırlıq düşərgəsi təşkil edilib Avg 28, 2026 | 10:08 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) məktəblilər üçün olimpiadaya hazırlıq düşərgəsi keçirilib. Düşərgədə Vietnamın Hanoy şəhərində keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iştirak edib.

Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.

Olimpiada iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyi tərəfindən qəbul edilib. Təmsilçilərimizin olimpiadalarda və bu tipli analoji təşəbbüslərdə əldə edəcəkləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə rəvac verəcəyinə inam ifadə olunub. Bundan başqa, iştirakçılara rəsədxananın fəaliyyəti, əsas elmi istiqamətləri və perspektiv imkanları barədə geniş məlumat verilib və astronomiyanın orta ümumtəhsil məktəblərində tədris olunmamasına rəğmən bu elmə maraq göstərən şagirdlərə ŞAR tərəfindən hər zaman dəstək olunacağı xüsusi vurğulayıb.

Düşərgədə təcrübəli mütəxəssislər tərəfindən şagirdlərə olimpiadaya hazırlıq dərsləri keçilib. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.

Dərslərlə yanaşı düşərgə iştirakçıları rəsədxananın teleskopları ilə tanış olublar. Onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər, həmçinin gecə müşahidələrində də iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq düşərgəsi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının dəstəyi, Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.