Alimlər ekzoplanetlərin aşkar edilməsi, qaranlıq enerjinin öyrənilməsi və kainatın genişmiqyaslı xəritəsinin hazırlanması məqsədilə yeni kosmik teleskop hazırlayıb. Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) tərəfindən layihələndirilərək ərsəyə gətirilən Roman Kosmik teleskopu müşahidə imkanlarına görə Habl Kosmik Teleskopundan təxminən 100 dəfə güclüdür və eyni zamanda Ceyms Vebb ilə Evklid kosmik teleskoplarının xüsusiyyətlərini özündə birləşdirir. Roman Kosmik Teleskopu kainatın indiyədək sirli qalan bir çox məqamının aydınlaşdırılmasına, kainatın necə təkamül etməsi və sonrakı taleyini müəyyənləşdirməyə mühüm töhfə verəcəkdir.
Əsas güzgüsü 2.4 m olan kosmik teleskop, geniş görmə sahəsi üçün “Wide Field Instrument” və koronoqrafla təchiz olunmuşdur. Cihazın ayırdetməsi 300 meqapikseldir və geniş baxış sahəsinə malik cihaz sayəsində o, daha qısa zamanda səmanın daha böyük fraqmentini müşahidə edə biləcək. Bu isə o deməkdir ki, teleskop Habldan 100 dəfə böyük görüş sahəsinə malikdir və Habldan 1000 dəfə sürətli işləyəcək. Teleskop 0,48–2,3 mikrometr dalğa uzunluğu intervalında, yəni optik və yaxın infraqırmızı diapazonda fəaliyyət göstərəcək. Onun infraqırmızı diapazonda dəqiqliyi Ceym Vebbdən aşağı olsa da, görüş sahəsi 50 dəfə böyükdür. O, bir ilə 500 terabayt müşahidə materialı alacaq, bu isə Hablın bütün fəaliyyəti dövründə aldığından çoxdur. Teleskopun 2 milyard qalaktikanı qeydə alacağı gözlənilir. Missiya 5 illik planlaşdırılıb və əlavə 5 il uzadılmaq potensialına hesablanıb.
Məlumat üçün bildiririk ki, mikrolinzalamada öndə yerləşən ulduz arxa fondakı ulduzun işığını linzalaya bilir. Bu zaman fondakı ulduzun ətrafında planet olarsa, linzalayan ulduzun parlaqlığı dəyişir və parlaqlıq əyrisində bu dalğalanma görünür. Həmin dəyişikliyi dəqiqliklə ölçməklə ekzoplanetləri aşkar etmək olur. Hal-hazırda aşkarlanmış ekzoplanetlərin sayı 6000-dən çoxdur. Roman teleskopunun mikrolinzalama üsulu ilə 1000-dən çox, tranzit üsulu ilə isə 100 000-dən çox ekzoplanet aşkarlanacağı proqnozlaşdırılır. Mikrolinzalama metodu ilə teleskop Marsdan kiçik ekzoplanetləri aşkarlamaq həssaslığına, ulduzuna Veneradan yaxın və Plutondan uzaqda yerləşən məsafədə planetləri aşkarlamaq imkanına malikdir.
Koronoqraf isə ekzoplanetlərin axtarışında planetləri görə bilmək üçün ulduzdan gələn işığı bloklamaq üçün istifadə olunan cihazdır. Bu üsul daha zəif planetləri aşkarlamaq üçün istifadə olunacaq.
Teleskop kainatın genişlənmə sürətinin zamanla necə dəyişdiyini təyin edə biləcək. Müşahidə edə bildiyimiz kainatın 68%-i qaranlıq enerjidən ibarətdir. Teleskopun qısa müddətdə geniş sahəni müşahidə etmək imkanı qalaktikaların xəritələnməsi üçün material verəcək. Qalaktikaların 3D xəritələnməsi isə zamanla onların kosmosdakı vəziyyətinin necə dəyişdiyini izləməyə imkan verir. Bu isə öz növbəsində qaranlıq enerjinin kainatı necə idarə etməsini izah edən açardır. Həmçinin zəif qravitasiya linzalaması üsulundan istifadə etməklə, milyonlarla qalaktikadakı kiçik dəyişiklikləri təyin etmək mümkün olacaq. Nəticədə, qalaktikaların paylanması ilə yanaşı, qaranlıq enerjinin də paylanmasını xəritələşdirmək mümkün olacaq.
Qeyd edək ki, teleskopun müşahidə materialları açıq arxivə yerləşdiriləcək. Əlavə olaraq bütün dünyadan alimlər müraciət edərək müşahidələrə qoşula biləcəklər.
Roman teleskopu 2010-ci ildə "Wide Field Infrared Survey Telescope" adlı layihə olaraq təklif olunub. 2016-cı ildə isə icrası təsdiqlənən layihə sonradan Nensi Qreys Romanın şərəfinə adlandırılıb. O, “NASA”da rəhbər vəzifəsinə kimi yüksələn ilk qadın alim olub. Habl Kosmik teleskopunun yaradılmasının əsas təşəbbüskarlarından biri sayılır və ona “Hablın anası” ləqəbi verilmişdi.
Teleskopun 30 avqustda Bakı vaxtı ilə 15:26-da Kennedi Kosmik Mərkəzindən kosmosa qaldırılacağı elan olunub. Roman Kosmik Teleskopu Ceyms Vebb kimi Yerdən 150 milyon km məsafədə, L2 nöqtəsinə yerləşdiriləcək. Uçuşu “Space X” şirkəti “Falcon Heavy” daşıyıcısı vasitəsilə həyata keçirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.