Günəş səthinin indiyədək ən dəqiq şəkli alınıb Avg 07, 2026 | 16:08 / ASTRO XƏBƏRLƏR

Havay adalarının Maui adasında, Haleakala rəsədxanasında yerləşən Daniel K. Inouye Günəş Teleskopu vasitəsilə Günəş fotosferinin indiyədək əldə edilmiş ən yüksək ayırdetməli və detallı görüntüləri alınıb. Alınmış müşahidə materiallarında Günəş fotosferində nazik təbəqələrdə plazma axınlarının quruluşu və maqnit sahəsinin dinamikası yüksək dəqiqliklə müşahidə olunur.

İlk dəfə Günəş ləkələrinin ətrafındakı çox kiçik miqyaslı və burulğanlara bənzər quruluşlar aşkar olunub. Bu quruluş Günəş atmosferində müşahidə olunan Kelvin–Helmholtz qeyri-sabitliyinin necə yarandığını anlamağa kömək edə bilər. Belə ki, Günəş atmosferində temperaturun fotosferdən xromosferə və daha sonra taca doğru kəskin artması Günəş fizikasının əsas problemlərindən biridir. Fotosferin temperaturu təxminən 5500 K olduğu halda, Günəş xromosferinin üst qatında və tacda temperatur bir neçə milyon K-dək artır və fiziki mexanizmi hələ tam müəyyən edilməyib. Ola bilsin ki, məhz bu burulğanlı quruluş Günəş alışmalarıTac Kütlə Atılmalarını əmələ gətirir, maqnit enerjisinin daşınması və yayılmasında əsas rol oynayır.

Nəzəri olaraq Kelvin-Helmholtz qeyri-sabitliyinin yaranması üçün  ancaq Günəşin üst qatlarında deyil, fotosferdə də uyğun şəraitin olması, həmçinin burulğanlı quruluşun mövcudluğu ehtimal olunsa da, müşahidə olunması üçün texniki imkanlar yox idi. Tədqiqat qrupu tərəfindən ilk dəfə olaraq onların necə formalaşması və hərəkət mexanizmi müəyyənləşdirilib. Alimlər əvvəlcədən ehtimal edirdilər ki, maqnit sahəsinin enerji toplanması burulğanlı hərəkətin nəticəsidir. Belə ki, ləkələrin maqnit qüvvə xətləri plazma ilə paralel spiral şəklində burulur və sonda lokal sahənin stabilliyi tamamilə pozularaq partlayış baş verir.

Kelvin-Helmholtz qeyri-sabitliyinin iki müxtəlif istiqamətli axınların bir-biri ilə toqquşması nəticəsində yaranan həyəcanlanmadır və spiral şəkilli burulğanlar yaradır. Bu fenomen göllərdə, dənizlərdə, buludlarda və qaz nəhənglərinin atmosferində müşahidə olunur. Buna nümunə olaraq Yupiterin “böyük qırmızı ləkəsini” göstərmək olar. Kelvin-Helmholtz qeyri-sabitliyi həmçinin Yeri istiliklə təmin edən mexanizmdir. Belə ki, mikromiqyasda baş verən qeyri-sabitlikdə enerji məhz istilik şəklində ayrılır, Günəş öz maqnetizmini bütün miqyaslarda idarə edə bilir. Onun tam dinamikasının mənzərəsi isə hələlik tamamlanmayıb. Günəşin maqnit sahəsinin dinamikasında daha gec-gec baş verən alışmalar deyil, həmin kiçik enerji boşalmaları əsas rol oynayır və Günəş maqnetizminin dinamikasının bünövrəsində  bu mikro aktivlik durur. Bu isə  Günəş fizikasının tədqiqində və kosmik havanın proqnozlaşdırılmasında mühüm məqamdır.

Müşahidələrin aparıldığı Daniel K. Inouye hazırda dünyanın ən böyük Günəş teleskopudur və onun əsas güzgüsünün diametri 4,24 m-dir. Yüksək ayırdetmə qabiliyyəti sayəsində Günəş səthində təxminən 20 km miqyasındakı quruluşların müşahidə edilməsinə imkan verir. Teleskop adaptiv optika sistemi ilə təchiz olunub. Adaptiv optika Yer atmosferinin təhriflərini aradan qaldıraraq Yerdən yüksək ayırdetməli və təmiz müşahidə materialı almağa imkan verən texnologiyadır.

Qeyd edək ki, sözügedən tədqiqat işi “Nature” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.