Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Avg 05, 2026 | 15:08 / ASTRO SEMİNARLAR

Avqust ayının 5-də tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın “Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov  Protoplanet disklərdə tozun dinamikası və Şaquli Sürüşmə Dayanıqsızlığının (Vertical Shear Instability, VSI) maqnitohidrodinamik modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda bildirib ki, protoplanet disklərdə (PPD) turbulentlik tozun təkamülünə və planetin formalaşmasına təsir göstərir. Şaquli Sürüşmə Dayanıqsızlığı (ŞSD) qazın sürətlə soyumasını tələb etdiyindən, disklərdəki toz dənəcikləri ŞSD-nın əmələ gətirdiyi turbulentliyə təsir edir və ona potensial nəzarət edir. Bununla belə, ŞSD-nın əmələ gətirdiyi turbulentlik hissəciklərin şaquli diffuziyasına səbəb olan güclü şaquli hərəkətlə xarakterizə olunur. Bu qarşılıqlı təsir nəticəsində turbulent strukturların və tozun paylanmasının necə formalaşdığı və saxlanıldığı qeyri-müəyyın olaraq qalır.

Son tədqiqatlar göstərir ki, PPD-lərin geniş miqyaslı qaz dinamikası qeyri-ideal maqnitohidrodinamik proseslər tərəfindən idarə olunur. Lakin bunun tozun dinamikasına necə təsir etdiyi hələ də çox az başa düşülür. Bu məqsədlə, PPD-lərdə planet əmələ gətirən bölgələrə tətbiq olunan Holl effektinə, ambipolyar diffuziyaya və Omik diffuziyaya məruz qalan maqnitləşdirilmiş tozlu disklərin dayanıqlığı araşdırılır. Bu effektlərə məruz qalan disk bölgələrində planetezimal əmələ gəlməsini asanlaşdıra biləcək ŞSD böyük rol oynaya bilər.

Seminar iştirakçılarının böyük marağına səbəb olan çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, onları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.