MQN01 J004131.9-493704 qalaktikasının Çandra, Ceyms Vebb kosmik teleskopları və “ALMA” (Atacama Large Millimeter/submillimeter Array) vasitəsilə əldə olunmuş müşahidə materialları ilkin qalaktikalarda ulduzların yaranması prosesinə qonşu qalaktikalardakı qara dəliklərin jet axınlarının təsir göstərə bildiyini üzə çıxarıb.
MQN01 J004131.9-493704 Yerdən 11,7 milyard işıq ili məsafəsində, torşəkilli nəhəng qalaktika və qaz strukturlarının kəsişdiyi bölgədə yerləşir. Bu sahə ilkin kainatda qalaktikaların və sürətlə böyüyən massiv qara dəliklərin ən sıx yerləşdiyi bölgələrdən biridir. Qalaktikanın müxtəlif teleskoplarla və fərqli diapazonlarda aparılmış müşahidələri birləşdirilərək ümumi mənzərə əldə olunub. Belə ki, Çandra teleskopunun rentgen diapazonunda qeydə aldığı hissələr mavi, “ALMA” teleskopunun radio diapazonunda müşahidə etdiyi sahələr isə qırmızı rənglə göstərilib. Ceyms Vebb teleskopunun infraqırmızı məlumatları da mavi, yaşıl və qırmızı rənglərlə təsviri tamamlayıb. Mavi rənglə sürətlə böyüyən qonşu qalaktikanın mərkəzindəki massiv qara dəlik və onun ətrafındakı rentgen şüalanması, qırmızı rənglə isə MQN01 J004131.9-493704 qalaktikasını əhatə edən nisbətən soyuq qaz kütləsi göstərilib.
MQN01 J004131.9-493704 qalaktikasına xarici görünüşünə görə “Qırmızı kartof” ləqəbi verən tədqiqat qrupu bu qalaktikada sürətli ulduzəmələgəlmə prosesinin izlərini görməyi gözləyirdi. Lakin ulduzların yaranma tempinin gözləniləndən xeyli aşağı olduğu müəyyən edildikdən sonra tədqiqat qrupu səbəbi qonşu qalaktikalarda axtarmağa başlayıb. Müxtəlif teleskoplardan alınmış təsvirlər birləşdirildikdə qonşu qalaktikadakı qara dəliyin jet axınının “Qırmızı kartof” qalaktikasını əhatə edən soyuq qaz kütləsinə doğru yönəldiyi və burada turbulentlik yaratdığı ortaya çıxıb. Qeyd edək ki, digər qonşu qalaktikalarda belə sürətli turbulentlik müşahidə edilmir. Alimlər belə nəticəyə gəliblər ki, jetin yaratdığı turbulentlik qazın qalaktikaya doğru çökərək sıxlaşmasına mane olur və nəticədə ulduzların yaranma tempini aşağı salır.
Hazırda “Qırmızı kartof” qalaktikasında əsasən yaşlı ulduzların üstünlük təşkil etdiyi və güclü ulduzəmələgəlmə prosesinin getmədiyi ehtimal olunur. Bu xüsusiyyətlər qalaktikanın infraqırmızı təsvirlərdə qırmızı görünməsinə səbəb olur. Qara dəliyə malik qonşu qalaktikada isə vəziyyət fərqlidir. “Qırmızı kartof” qalaktikasından təxminən 200 000 işıq ili uzaqlıqda yerləşən bu qalaktikada aktiv ulduzəmələgəlmə prosesi gedir. Ətrafdakı digər qalaktikalarda olduğu kimi burada da nəinki cırtdan və orta kütləli, həmçinin massiv və isti ulduzlar yaranır.
Bu nəticə massiv qara dəliklərin yalnız yerləşdikləri qalaktikanın deyil, yaxınlıqdakı digər qalaktikaların da inkişafına təsir göstərə bildiyini ortaya qoyur. Kəşf erkən kainatda qalaktikaların necə formalaşdığını və böyüdüyünü, ümumilikdə qalaktikaların qarşılıqlı təsirinin kosmoloji təkamül yolunu, həmçinin ayrılıqda qalaktikalarda ulduzəmələgəlmə prosesinin hansı səbəbdən zəiflədiyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Tədqiqat işinin nəticələri “Astronomy&Astrophysics” jurnalında çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.