Yeni elmi tədqiqatlar Süd Yolu qalaktikasının ölçülərinə dair təsəvvürləri dəyişir İyl 10, 2026 | 10:07 / ASTRO XƏBƏRLƏR

Avropa Kosmik Agentliyinin XMM-Nyuton və “NASA”nın (Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmos İdarəsi) Çandra rentgen kosmik teleskoplarının son müşahidələri əsasında Süd Yolu Qalaktikasının xarici spiral qollarına qədər olan məsafənin əvvəlki qiymətləndirmələrdən 10 %-ə qədər böyük olduğu müəyyən edilib.

Süd Yolunun quruluşunun öyrənilməsi mürəkkəb elmi problemlərdən biridir. Günəş sistemi qalaktikanın daxilində yerləşdiyindən onu kənardan bütöv şəkildə müşahidə etmək mümkün deyil. Bundan əlavə, qalaktikanın bir çox bölgələri qalın kosmik toz buludları ilə örtüldüyündən onun ümumi quruluşu, spiral qollarının yerləşməsi və xarici hissələrinin ölçüləri əsasən dolayı müşahidələr və nəzəri modellər əsasında müəyyənləşdirilir.

Son illərdə kosmik teleskopların, xüsusilə Gaia kosmik teleskopunun topladığı məlumatlar əsasında milyardlarla ulduza qədər olan məsafə yüksək dəqiqliklə müəyyən edilib. Bu məlumatlar Süd Yolunun indiyədək ən detallı xəritələrinin hazırlanmasına imkan verib. Gaia missiyasına qədər qalaktikanın spiral qollarının sayı ilə bağlı da dəqiq elmi qənaət mövcud deyildi. Hazırda Süd Yolunun spiral qollarının kifayət qədər ətraflı xəritəsi mövcud olsa da, qalaktikanın mərkəzi hissələrinin və bəzi spiral qollarının sıx toz buludları ilə örtülməsi, eləcə də xarici bölgələrin dolayı üsullarla modelləşdirilməsi onun tam və yüksək dəqiqlikli xəritəsinin hazırlanmasını çətinləşdirir.

Hazırkı tədqiqat çərçivəsində alimlər Süd Yolunun xarici spiral qollarının xəritələşdirilməsi üçün yeni müşahidə metodundan istifadə ediblər. Bu məqsədlə uzaq qalaktikalarda baş vermiş qamma-şüa alışmalarının (GRB) yaratdığı rentgen şüalarının Süd Yolunun xarici spiral qollarındakı toz buludlarında formalaşdırdığı halqavari əks-sədalar təhlil olunub. Bunun üçün 2003–2022-ci illər ərzində qeydə alınmış GRB 031203, GRB 160623A və GRB 221009A qamma-şüa alışmalarına dair müşahidələr birləşdirilib. Həmin alışmaların yaratdığı rentgen şüaları Süd Yolundakı toz hissəciklərində səpələnərək halqavari əks-sədalar formalaşdırıb. Bu strukturlar yalnız rentgen diapazonunda müşahidə olunduğundan, onlar XMM-Newton və Chandra teleskopları vasitəsilə qeydə alınıb.

Tətbiq olunan metodun əsasını halqavari rentgen əks-sədalarının zamanla genişlənmə sürətinin ölçülməsi təşkil edir. Bu yanaşma şüaları səpələyən toz qatlarına qədər olan məsafəni hesablamağa, eyni zamanda həmin toz qatları spiral qollarda yerləşdiyindən Süd Yolunun spiral qollarına qədər olan məsafəni birbaşa müəyyənləşdirməyə imkan verir.

Nəticələr Persey qoluna qədər əvvəlki məsafə qiymətləndirmələrinin əsasən doğru olduğunu təsdiqləyib. Bununla yanaşı, Xarici Skutum–Kentavr qolu və Xarici qol üçün məsafələrin əvvəlki hesablamalarla müqayisədə 10 %-ə qədər böyük olduğu müəyyən edilib. Bu nəticələr Süd Yolunun xarici hissələrinin xəritəsinin dəqiqləşdirilməsinə və mövcud modellərə müvafiq düzəlişlərin edilməsinə zərurət yaradır.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “Astronomy & Astrophysicsjurnalında çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.