Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır və son 4 sutka ərzində əsasəndə 4478, 4479 və 4482 ləkə regionlarına davamlı M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə şərq limbi yaxınlığında yerləşən 4482 ləkə regionunda baş vermiş X1.3 sinifli alışma olmuşdur. 4478 və 4482 ləkə regionları β-γ, 4479 ləkə regionu isə β-γ-δ mürəkkəb maqnit quruluşu göstərir. Ləkə qrupları artıq Günəşin arxa üzünə keçməkdədirlər, bu səbəbdən də alışmaya bağlı baş verən TKA-ın Yerə təsiri ya zəif olacaq, ya da ümumiyyətlə olmayacaqdır. Alışmalara bağlı olaraq radio rabitədə R1-R3 səviyyəli fasilələr, II-IV tip radioemissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 116 ləkə və cənub qütbü yaxınlığında Tac Dəliyi müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Günəş küləyinin maksimal sürəti 642 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 24 nT, radial istiqamətdə isə 18 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 437 km/san, sıxlığı 0.08 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5 nT, radial istiqamətdə isə -2 nT təşkil edir. Kp indeksinin göstəricisi isə 2-dir və geomaqnit sahəsi sakitdir.
Hesabat dövründə orta səviyyəli (G2) geomaqnit qasırğası gözlənilsə də, 4 iyulda Yerə gəlib çatan TKA -ıın təsiri ilə qasırğasının intensivliyi güclü qasırğa səviyyəsinədək (G3) yüksəlmişdir. Qeyd edək ki, Azərbaycan ~40° coğrafi enlikdə yerləşdiyi üçün geomaqnit qasırğasının intensivliyi qütb dairələrinə nisbətən daha zəif hiss olunur.
Kosmik hava proqnozu – Proqnoz günlərində (06-12 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək, 10 MeV-dən çox enerji yüklü proton selinin fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin 06 iyulda TKA-ın təsiri, 09-10 iyulda isə Tac Dəliyi Axınlarının təsiri ilə yenə də normadan yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–35%, orta geomaqnit enliklərdə isə 30-1%-dir.
Geomaqnit sahəsinin sakit-aktiv səviyyələr arasında dəyişəcəyi proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.