Rəsədxana əməkdaşı İsveçrədə elmi ezamiyyətdədir İyl 03, 2026 | 13:07 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Aynurə Həsənova 29 iyun–03 iyul 2026-cı il tarixlərində İsveçrənin Lozanna şəhərində keçirilən "European Astronomical Society Annual Meeting" (EAS 2026) beynəlxalq konfransında iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən çoxsaylı nüfuzlu alimlərin iştirak etdiyi beynəlxalq konfrans çərçivəsində Aynurə Həsənova "Investigation of Non-Stationary Processes in the Atmospheres of Supergiant Stars" (İfratnəhəng ulduzların atmosferlərində qeyri-stasionar proseslərin tədqiqi) adlı məruzəsini təqdim edib.

Tədqiqat işində B, A və F spektral sinifli ifratnəhəng ulduzların atmosferlərində baş verən qeyri-stasionar proseslər müqayisəli şəkildə araşdırılıb. Əsas diqqət Hβ spektral xəttinin profillərində müşahidə olunan dəyişkənliyə yönəldilib. Araşdırma nəticəsində isti B tipli ifratnəhəng ulduzlarda güclü ulduz küləkləri, intensiv maddə itkiləri və P Cygni tipli spektral profillərin müşahidə olunduğu, daha soyuq A və F tipli ifratnəhənglərdə isə atmosfer dəyişkənliyinin nisbətən zəif ifadə edildiyi müəyyənləşdirilib.

Tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda əldə edilmiş yüksək ayırdetməli eşelle spektrləri əsasında həyata keçirilib. Əldə olunan nəticələr müxtəlif spektral siniflərə aid ifratnəhəng ulduzların atmosfer dinamikasının, kütlə itirmə proseslərinin və ulduz küləklərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Avropa Astronomiya Cəmiyyətinin illik toplantısı astronomiya və astrofizika sahəsində Avropanın ən nüfuzlu elmi tədbirlərindən biridir. Hər il təşkil olunan beynəlxalq forum dünyanın aparıcı universitetlərini, rəsədxanalarını və elmi-tədqiqat mərkəzlərini təmsil edən yüzlərlə alimi bir araya gətirərək astronomiya və astrofizikanın aktual problemlərinin müzakirəsi, yeni elmi nəticələrin təqdim olunması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək birgə layihələrin təşviqi üçün mühüm platforma rolunu oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.