İyul ayının 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminarı ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu barədə məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Nəzəri astrofizika və kosmologiya“ şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Nurməmmədov “Planet fizikası nəzəriyyəsinin bəzi astrofizika məsələlərinin həllində yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Yupiter və Saturnun maqnitosferində baş verən plazma proseslərinin qeyri-klassik riyazi fizika tənlikləri əsasında modelləşdirilməsinə həsr olunmuş tədqiqatın nəticələri təqdim edilib. Qeyd olunub ki, bu yanaşma ilk dəfə olaraq həmin planetlərin maqnitosferində müşahidə olunan fiziki proseslərin daha dəqiq riyazi təsvirinə imkan verir.
Çıxış zamanı yeni riyazi modelin həm soyuq, həm də isti plazma axınlarını nəzərə almaqla Yupiter və Saturn maqnitosferlərində plazma dinamikasının və maqnitohidrodinamik tarazlığın öyrənilməsi üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Məruzə seminar iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş müzakirələr aparılıb, verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.