"World Robot Caspian Cup 2026" müsabiqəsinin qalibləri mükafatlandırılıb İyl 01, 2026 | 09:07 / MÜHÜM HADİSƏLƏR

World Robot Caspian Cup 2026 (WRCC 2026) beynəlxalq robototexnika və innovasiya müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qafqaz və Xəzər regionunun ən böyük robototexnika yarışlarından biri hesab olunan müsabiqədə Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan, Hindistan, Rusiya və digər ölkələrdən iştirakçılar öz innovativ layihələrini təqdim ediblər. Müsabiqənin əsas məqsədi gənclərin elm, mühəndislik, robototexnika və süni intellekt sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək, elmi-texniki yaradıcılığı və innovativ düşüncəni təşviq etmək, eləcə də beynəlxalq əməkdaşlığı genişləndirməkdir.

Müsabiqədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbin "7K" komandasına mütəxəssis alim kimi elmi dəstək göstərib. O, komandanın hazırladığı PEK (Precision Eco Kater – Yüksək Dəqiqlikli Ekoloji Kater) layihəsinin hazırlanması və təqdim olunmasında yaxından iştirak edib.

Günəş enerjisi ilə işləyən, ultrasonik sensorlar və ağıllı idarəetmə sistemi ilə təchiz edilmiş PEK layihəsi balıqçılıq prosesinin daha təhlükəsiz, səmərəli və ekoloji baxımdan dayanıqlı təşkili üçün innovativ texnoloji həll təqdim edir. Layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və World Robot Caspian Cup 2026 beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüb.

Bu uğur elmvə təhsil inteqrasiyasının səmərəli nəticələrindən biri olmaqla yanaşı, alimlərin gənclərin elmi və texnoloji yaradıcılıq potensialının inkişafında mühüm rol oynadığını bir daha nümayiş etdirir. Şamaxı Astrofizika Rəsədxanası bundan sonra da məktəblilər və gənclər arasında elmə marağın artırılması, innovativ layihələrin hazırlanması və gələcəyin tədqiqatçı, mühəndis və alimlərinin yetişdirilməsinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.