Şəhid və qazi övladları Şamaxı Astrofizika Rəsədxanasının qonağı olublar İyn 02, 2026 | 11:06 / RƏSƏDXANA XƏBƏRLƏRİ

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) qonağı olublar.

Azyaşlı qonaqlar üçün rəsədxananın muzeyinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı onlara rəsədxananın yaranma tarixi, fəaliyyəti, əldə olunan elmi nailiyyətlər, həmçinin burada istifadə olunan müxtəlif elmi avadanlıqlar barədə məlumat verilib.

Daha sonra uşaqlar ŞAR-ın teleskopları ilə tanış olublar. Onlar teleskopların yerləşdiyi günbəzləri ziyarət edərək teleskopların quruluşu, iş prinsipi və astronomik müşahidələrin necə aparıldığı haqqında ətraflı məlumat alıblar. Rəsədxana əməkdaşları tərəfindən uşaqların ünvanladıqları çoxsaylı suallar cavablandırılıb, kosmos və astronomiya sahəsinə dair maraqlı söhbətlər aparılıb.

Tədbirin məqsədi uşaqlarda elmə və astronomiyaya marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və bayram günündə xoş təəssüratlar qazanmalarına töhfə vermək olub.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanası mütəmadi olaraq məktəblilər və gənclər üçün maarifləndirici tədbirlər təşkil edir, astronomiya elminin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.