Kosmik hava durumu və proqnozu May 05, 2026 | 12:05 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı demək olar ki, orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 4425 ləkə regionunda M6.0 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R2 səviyyəli fasilələr, Tac Kütlə Atılmaları (TKA) və 10 sm diapazonda radioalışma qeydə alınmışdır.  Günəşin səthində ləkələrin sayı artraq 9 ləkə qrupunda 143 ləkə və Tac Dəlikləri müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin maksimal sürəti 559 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə -12 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 407 km/san, sıxlığı 0.72 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə 1.74 nT təşkil edir.

Hesabat dövründə Tac Dəliyi Axınlarının təsiri ilə 04 mayda geomaqnit sahəsinin intensivliyi fasilələrlə G1-G2 səviyyəsinə yüksəlmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (06-10 may) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyələrdə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 4424 regionuna bağlı olaraq  S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin  30 apreldə Günəşi tərk etmiş TKA və müsbət  qütblü Tac dəliyi Axınlarının təsirilə yenə də normadan yüksək olacağı gözlənilir.  

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-50%, orta  geomaqnit enliklərdə isə 40-5%-dir.

Geomaqnit sahəsinin intensivliyinin sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.