Ultra genişmiqyaslı struktur kəşf olunub Apr 23, 2026 | 10:04 / ASTRO XƏBƏRLƏR

Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetinin (UCLan) tədqiqat qrupu son bir neçə il müddətində səmanın eyni sahəsində 3 nəhəng struktur kəşf edib. Onlar son kəşf etdikləri strukturu "Giant Ring", yəni Nəhəng Halqa adlandırıblar. 1 Giqaparsek (Gps) diametrə malik bu struktur insan gözü ilə görünə bilsəydi, səmada Aydan təxminən 15 dəfə böyük görünərdi. Kəşfin ən maraqlı cəhəti isə bu strukturların iç-içə yerləşməsidir. Belə ki, Nəhəng Halqa daha əvvəl həmin sahədə aşkar olunmuş Nəhəng TağBöyük Halqa ilə əlaqəli görünür. O, Böyük Halqanı əhatə edir və demək olar ki, konsentrik konfiqurasiya yaradır.

Bu kəşf Kainatın Standart Modelini (ΛCDM) ) şübhə altına alır. Çünki kosmoloji prinsipə əsasən, çox böyük miqyaslarda Kainat bircins və izotrop olmalıdır. Başqa sözlə, təxminən 370 Megaparsekdən (Mps) böyük miqyaslarda aydın seçilən strukturların olmaması gözlənilir, müşahidələr isə əksini göstərir.

Strukturun aşkar edilməsi üçün “Sloan Digital Sky Survey”in “SDSS DR16Q”kataloqunun materiallarından istifadə olunub. Strukturlar uzaq kvazarların spektrlərində Mg II xətlərinin udulması üsulu ilə müəyyən edilib. Müəlliflər “2D Power Spectrum Analysis” metodunu tətbiq edərək Furye analizi vasitəsilə siqnalları sərt filtrasiya meyarları ilə seçiblər; bu meyarlara siqnal-küy nisbəti və lokal kontinuumun xüsusiyyətləri də daxildir. “Proyeksiya müstəvisi” üsulu isə təhrifləri minimuma endirməyə və maddənin gizli koherentliyini üzə çıxarmağa imkan verib. Əlavə olaraq “FLAMINGO-10K” vasitəsilə simulyasiyalarda nəticələr həmin sahələrdə bir-birini örtən, elliptik strukturların mövcudluğunu təsdiq edib. 

Nəhəng Halqanın morfologiyası mürəkkəb quruluş nümayiş etdirir. Onun şimal hissəsi nazik bir lif və ya sap formasındadır, cənub bölgəsində isə daha əvvəl aşkar olunmuş Nəhəng Tağın elementləri yer alır. Qərb periferiyasında müşahidə olunan budaqlanma isə bir neçə halqavari və ya torşəkilli strukturun üst-üstə düşə biləcəyini göstərir.

Bu tədqiqat işi üzrə məqalənin çap öncəsi versiyası arXiv platformasında yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.