Rəsədxana əməkdaşlarının yeni kitabı çapdan çıxıb Apr 22, 2026 | 11:04 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları, astronomiya elmləri doktoru, dosent Canməmməd Nizam oğlu Rüstəmovun və astronomiya üzrə fəlsəfə doktoru Ülviyyə Canməmməd qızı Poladovanın (Rüstəmova) “Kainatın dərk olunması mərhələləri” adlı kitabı çapdan çıxıb.

Kitabda antik dövrdən başlayaraq indiyə kimi astronomik fikrin inkişafı aydın şəkildə şərh edilmişdir. İnsanlar hələ qədim zamanlardan başlayaraq göy cisimlərinin mənşəyini anlamağa cəhd etmişdir. Ulduzlardan fərqli zahiri hərəkətlərinə görə beş planeti (Merkuri, Venera, Mars, Yupiter, Saturn) kəşf etmişlər. Müxtəlif bucaqölçən qurğular düzəldərək ulduzların koordinatlarını təyin etmiş və bu ölçmələr əsasında ulduz kataloqları tərtib etmişlər. Vaxtı bilmək  üçün Günəş saatı (qnomon) qurmuşlar. 

İb­ti­dai in­sa­na ilk öncə gün ər­zin­də görülə­cək iş­lə­ri plan­laş­dır­maq üçün vax­tı bil­mək (sa­at), ya­şa­dıq­la­rı əra­zi­də və səyahətlər zamanı is­ti­qa­mə­ti müəy­yən et­mək (na­vi­qa­si­ya-səmtlənmə), əkin-bi­çin vaxt­la­rı­nı də­qiq bil­mək üçün fə­sil­lə­rin də­yiş­mə vax­tı­nı müəy­yən et­mək (il), ha­di­sə­lə­rin baş­ver­mə ar­dı­cıl­lı­ğı­nı müəy­yən et­mə­k və yad­da sax­la­maq (təq­vim) lazım idi. Bütün bu məsələlərin həlli birbaşa astronomiya elmi ilə əlaqədardır. Ast­ro­no­mi­ya­nın in­ki­şa­fı ta­ri­xi­ni şər­ti ola­raq aşa­ğı­da­kı mər­hə­lələrə bölmək olar: vi­zu­al və ya “və­ziy­yət” ast­ro­no­mi­ya­sı (klassik astronomiya), te­les­ko­pik ast­ro­no­mi­ya və çox­dal­ğa­lı və ya­xud Yer­dən­kə­nar ast­ro­no­mi­ya. Göy cisimlərinin dəqiq vizual müşahidələri orta əsrlərdə azərbaycanın məşhur astronomu Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanasında aparılmışdır. Kitabda Nəsirəddin Tusi və Marağa rəsədxanası barədə ətraflı məlumat verilmişdir. Sonradan qurulan Uluqbəyin Səmərqənd və Tixo Brahenin Kopenhagen rəsədxanalarında Marağa rəsədxanasının qurğularından və bu qurğuların təkmilləşmiş varıantından istifadə etmişlər. Marağa rəsədxanasındakı müşahidələrin dəqiqliyinə bərabər müşahidələr Avropada təqribən 300 il sonra Tixo Brahenin yaratdığı Kopenhagen rəsədxanasında aparılmışdır. Kitabda bütün bunlar barədə ətraflı məlumat verilmişdir.

Kitabda geosentrik sistem və onun təqribən 1800 il sonra heliosentrik sistemlə əvəz olunması, Günəş sistemi, ulduzlar, qalaktikalar və Metaqalaktika, Böyük partlayış, əlavə hissədə isə Şamaxı Astrofizika Rəsədxanasının nailiyyətləri və onun əsas qurğusu olan 2-m teleskop barədə məlumat verilmişdir.

Nəsirəddin Tusi və Marağa rəsədxanası barədə məlumatlar mühüm əhəmiyyət daşıyır. Ona görə ki, xarici ölkədə nəşr olunan astronomiyaya aid kitablarda Nəsirəddin Tusinin astronomiya elminə verdiyi töhfələr kifayət qədər işıqlandırılmır. Ona görə də bu kitabın ingilis dilində çapı nəzərdə tutulur. Kitabın digər əhəmiyyəti astronomiya terminlərinin azərbaycan dilində təbliğidir. Bu da dilimizin daha da zənginləşməsinə şərait yaradır.

Kitab əsa­sən ast­ro­no­mi­ya ilə ma­raq­la­nan ge­niş oxu­cu kütləsi üçün nə­zər­də tu­tul­sa da ast­ro­no­mi­ya və fi­zi­ka müəl­lim­lə­ri, ali mək­təb­lə­rin ast­ro­no­mi­ya ix­ti­sa­sı ve­rən fakül­tə­lə­rinin ba­ka­lavr və ma­gistr tə­lə­bə­lə­ri üçün fay­da­lı dərs vəsaitidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.