Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ustad dərsi keçirilib Apr 17, 2026 | 14:04 / ASTRO SEMİNARLAR

17 aprel 2026-cı il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.

Tədbiri ŞAR GAMŞ-ın sədr müavini Aytac İskəndərova giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın "Elmi əlaqələr və təşkilati məsələlər" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov "Günəş sisteminin yaranması və təkamülü" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında Günəş sistemi planetlərinin əmələ gəlməsi ilə bağlı müxtəlif nəzəri tədqiqatlar haqqında geniş məlumat verib. Bildirib ki, klassik nəzəri yanaşmaların empirik yoxlanılması üçün mövcud müşahidə məlumatları ilkin mərhələdə məhdud xarakter daşıyırdı və əsasən Günəş sistemi çərçivəsində qalırdı. Lakin son otuz il ərzində protoplanetar disklərin təsviri və spektroskopiyası sahəsində əldə olunan çoxsaylı yeni müşahidələr, Günəş sistemində Koyper qurşağının kəşfi, həmçinin Günəşdənkənar planet sistemlərinin aşkar edilməsi və onların fiziki xüsusiyyətlərinin müəyyənləşdirilməsi bu sahədə mühüm irəliləyişlərə səbəb olmuşdur. Aparılan müşahidələr disklərin və planet sistemlərinin bir sıra gözlənilməz xüsusiyyətlərini üzə çıxarmış və mövcud nəzəri modellərin yenidən nəzərdən keçirilməsini zəruri etmişdir. Bu isə Günəş sisteminin yaranması və təkamülü ilə bağlı daha dəqiq və kompleks nəzəri yanaşmaların formalaşmasına təkan verir.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.