Vera Rubin Rəsədxanası minlərlə yeni asteroidi xəritələşdirib Apr 09, 2026 | 16:04 / ASTRO XƏBƏRLƏR

Vera Rubin Rəsədxanasının müşahidələri zamanı 12700 yeni asteroid qeydə alınıb. Onlardan 73-ü ilkin müşahidələrdə, 1514-ü ilk geniş icmal mərhələsində, təxminən 11000-i isə 2025-ci ilin yay aylarında müşahidələrin optimallaşdırılması dövründə aşkar edilib.

Toplanmış bütün materiallar təhlil olunduqdan sonra asteroidlərin asteroid qurşağındakı mövqeləri xəritələşdirilib. Məlumatlar Beynəlxalq Astronomiya Birliyinin Cırtdan Planetlər Mərkəzi tərəfindən təsdiqlənib və bu, son illərin ən böyük asteroid kəşflərindən biri hesab olunur. Sonrakı təhlillər zamanı bəzi obyektlərin artıq məlum asteroidlərlə eyniləşdirilməsi mümkündür ki, bu da ümumi sayın müəyyən qədər azalmasına səbəb ola bilər.

Vera Rubin Rəsədxanasında quraşdırılmış teleskopun 8,4 metrlik güzgüsü və yüksək ayırdetməli kamerası bir müşahidədə çoxlu sayda obyektin aşkarlanmasına imkan verir. Hətta ilkin test mərhələsində belə minlərlə yeni asteroid qeydə alınıb. Bu, teleskopun ilk böyük elmi nəticələrindən biridir. Rəsədxananın aparıcı elmi işçisi Mario Yuricin sözlərinə görə, əvvəllər illərlə davam edən kəşflər artıq bir neçə ay ərzində mümkün olur. Alınan məlumatların Günəş sistemi haqqında təsəvvürləri əhəmiyyətli dərəcədə yeniləyəcəyi gözlənilir.

Hazırda məlum asteroidlərin ümumi sayı təxminən 1,4–1,5 milyon arasındadır və onların böyük hissəsi Marsla Yupiter arasında yerləşir. Rəsədxana qısa fəaliyyət müddətində artıq 33 Yerətrafı asteroid və 380 trans-Neptun obyektləri (TNO) aşkar edib.

Bu kəşflər xüsusilə planetar müdafiə baxımından əhəmiyyətlidir. Böyük və təhlükəli obyektlərin əksəriyyəti artıq məlum olsa da, daha kiçik, lakin potensial risk yaradan asteroidlərin sayı kifayət qədər çoxdur. Aşkarlanan obyektlərdən ən böyüyünün diametri təxminən 500 metrdir. Rəsədxana tam gücü ilə fəaliyyətə başladıqdan sonra təxminən 90000 yeni Yerətrafı asteroidin aşkarlanacağı proqnozlaşdırılır. Bu, diametri 140 metrdən böyük potensial təhlükəli obyektlərin sayının demək olar ki, iki dəfə artması deməkdir.

Məlumatlar dəstinə həmçinin Neptun ətrafında hərəkət edən təxminən 380 buzlu cisim — trans-Neptun obyektləri daxildir. Yeni aşkar edilmiş iki obyekt — müvəqqəti olaraq 2025 LS2 və 2025 MX348 adlandırılan TNO-ların böyük və uzanmış orbitlərə malik olduğu müəyyən edilib. Onlar orbitlərinin ən uzaq nöqtəsində Günəşdən Yerə olan məsafədən təxminən 1000 dəfə daha uzaqda yerləşir.

Araşdırmalar zamanı həmçinin Yupiter və Neptunun troyan asteroidləri, eləcə də 7 ədəd Sentavr aşkar olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.