Kosmik hava durumu və proqnozu Fev 02, 2026 | 12:02 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. 4366 ləkə regionunun maqnit qüvvə xətləri β-γ-δ mürəkkəb quruluşa malikdir və son sutka ərzində 17 ardıcıl M və 3 X sinifli alışma qeydə alınmışdır. Maksimal sinifli alışma X8.11 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1-R3 səviyyəli fasilələr, həmçinin halo şəkilli Tac Kütlə Atılması (TKA)və digərləri qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 97 ləkə müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyələrdə olmuş (11099 pfu-dək), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 781 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə -12 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (304 km/san).

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi 28 yanvarda qısa periodlarla G1 səviyyəsinə yüksəlmişdir, əsasən aktiv və qeyri-stabil səviyyələr müşahidə olunmuşdur. Hal-hazırda Kp indeksinin göstəricisi 2.6-dır və kosmik  hava sakitdir.  

Kosmik hava proqnozu – Proqnoz günlərində (02-08 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək olacağı,  10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsindən aşağı olacağı gözlənilir.

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının və gözlənilən  TKA-nın təsirilə yüksələcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 20-10%, orta  geomaqnit enliklərdə isə 10-1%-dir.

Geomaqnit sahəsi – Ardıcıl baş vermiş güclü alışmalara baxmayaraq cəmi bir halo şəkilli TKA qeydə alınmışdır. Onun Yerə nə dərəcədə təsir edəcəyi modelləşdirilir. Hal-hazırda növbəti günlər üçün geomaqnit sahəsinin sakit-aktiv səviyyələr arası dəyişəcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.