Şamaxıda II Milli Mühasiblər Forumu keçirilib Apr 30, 2018 | 13:04 / TƏDBİRLƏR

Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası, “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə aprelin 28-29-da Şamaxıda II Milli Mühasiblər Forumu keçirilib.

Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində və Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunan forumda 350 nəfərdən çox mütəxəssis toplanıb.

Forumun məqsədlərinə mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla, aidiyyəti qanunvericilikdə baş verən yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həlli yollarının müzakirəsi, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxil olub.

Forumun Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində baş tutan plenar iclasında Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Gilan Holdinq”in İdarə Heyətinin üzvü Fuad Kərimov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, Türkiyənin İşık Universitetinin rektoru Cemal İbiş, Rusiya Federasiyasının Dövlət Maliyyə Universitetinin dekanı Vladimir Avdiyski çıxış ediblər. Natiqlər II Milli Mühasiblər Forumunun iqtisadi sektorda yeni çağırışlar üçün əlverişli platforma olacağına əminliklərini vurğulayıblar.

Sonra forum işini Şamaxı Astrofizika Rəsədxanasında davam etdirib və mühasibatlıq sahəsində mövcud vəziyyət və problemlər, vergi qanunvericiliyi və mühasibat uçotu, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu, kommersiya qurumlarında mühasibat uçotunun problemləri, mühasibat uçotu proqramları təminatında müasir çağırışlar və sair mövzularda təqdimatlar və çıxışlar dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.