“Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib Apr 24, 2018 | 17:04 / TƏDBİRLƏR

Aprelin 23-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Səmanın fəthi”sənədli filminin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə ŞAR-ın elmi işlər üzrə direktor müavini, f.ü.f.d Xıdır Mikayılov açaraq qeyd edib ki, film astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, kəşf edilmiş göy cismləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs edir. O, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.

Sonra çıxış edən filmin icraçı prodüseri Nicat Məmmədov çəkilişə göstərdiyi köməkliyə görə rəsədxana əməkdaşlarına, xüsusilə də rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova təşəkkürünü bildirib.

Sonda “Səmanın fəthi”sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, elmi-kütləvi mövzuda çəkilən “Səmanın fəthi”sənədli filminin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorlar Habil Muğanlı və Əminə Həsənli, montaj Pərviz Səlimov, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbər Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.