Kosmik hava durumu və proqnozu Noy 06, 2025 | 12:11 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq M və X sinifli alışmalar baş vermişdir. Maksimal sinifli alışma isə 4274 oblastındakı X1.8 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma, radio rabitədə R2-R3 səviyyəli fasilələr, II_IV tip radio emissiya  və Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 78 ləkə müşahidə olunur. 4274 regionundakı ləkə qrupu mürəkkəb quruluşa (β-γ-δ) malikdir və fəallığının davam edəcəyi gözlənilir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli də 6363 pfu-yadək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 550 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 500 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10.86 nT, radial istiqamətdə isə -0.96 nT təşkil edir.

Hesabat dövründə 03 noyabrdan başlayaraq Günəşdə ardıcıl M və X sinif alışmaların baş verməsi nəticəsində müşahidə olunan TKA və Tac Dəliyi Axınlarının təsiri ilə sutkanın ilk saatlarından geomaqnit qasırğası qeydə alınmışdır. Qasırğanın intensivliyi G3 səviyyəsinə, yəni güclü qasırğayadək yüksəlmişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 5-dir və geomaqnit qasırğası davam edir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (07-09 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 80%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron  selinin  TKA-ın və Tac Dəliyi Axınlarının təsiri ilə yenidən yüksələcəyi gözləilir. 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.    

Günəş küləyi sürətinin bir neçə TKA-nın ardıcıl gəlməsi və Tac Dəliyi Axınlarının təsiri ilə yüksək olacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-60%, orta  geomaqnit enliklərdə isə 35-5%-dir.

Geomaqnit sahəsi – bir neçə TKA-nın ardıcıl gəlməsi və Tac Dəliyi Axınlarının təsiri ilə  07-08 noyabr tarixlərində güclü (G3) geomaqnit qasırğası gözlənilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.