“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb Apr 16, 2018 | 12:04 / TƏDBİRLƏR

Aprelin 14-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Təhsil Nazirliyinin Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi (RUGİM), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Tusi-Bohm Planetariumun birgə təşkilatçılıgı ilə “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutan tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq qeyd edib ki, məktəblilər arasında bu cür müsabiqə və tədbirlərin  keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bildirib ki, məktəblilər arasında astronomiya və kosmos haqqında dünyagörüşün formalaşdırılması onların gələcəkdə kadr kimi yetişməsinə gətirib çıxaracaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək bildirib ki, ölkədə digər sahələrdə olduğu kimi elm sahəsində də davamlı inkişaf mövcuddur:

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu hər il müxtəlif elm sahələri üzrə müsabiqə və layihələr həyata keçirir. Məqsəd ölkəmizdə elmin inkişafını və təbliğini təmin etməkdir.”

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərli öz əsərlərində kosmonavtika mövzusunun əsas yer tutduğunu bildirib. O, 1987-ci ildə  Moskvada yerləşən  Kosmonavtların Hazırlaşdırma Mərkəzinin (Ulduz şəhərciyi) sərgi salonunda nümayişə çıxarılan əsərləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Bakı şəhər məktəblərində yerləşən RUGİM -nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Kosmosu mənə göstər” müsabiqəsinin videoçarxları nümayiş olunub.

Sonda müsabiqədə seçilən 56 məktəbliyə sertifikatlar, həmçinin Tusi-Bohm Planetarium, Shokki Mokki, Super Milky və  SUN-un hədiyyələri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun hədiyyəsi olan “Kosmosu mənə göstər” kitabı  təqdim olunub.

Qeyd edək ki, müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər diplom və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir