XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası May 27, 2025 | 10:05 / MÜSABİQƏLƏR

19 may 2025-ci il tarixində V Azərbaycan Astronomiya Olimpiadası qaliblərinin iştirakı ilə keçirilən XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (İOAA 2025) seçmə imtahanının nəticələri açıqlanıb.

İmtahan nəticələrinə əsasən, ölkəmizi təmsil edəcək 5 nəfərlik komanda üzvləri müəyyən olunub:

- Oqtay Lətifli – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi; 
- Məhəmməd Cəfərli – Bakı şəhəri, Texniki Humanitar Liseyin 10-cu sinif şagirdi; 
- Raiq Babazadə – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi; 
- Elvin Məcidov – Bakı şəhəri, 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi; 
- Aqil Güləliyev – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi.

V Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.

Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə baş tutur.

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası (İOAA 2025) 10–20 avqust tarixlərində Hindistan Respublikasının Mumbay şəhərində keçiriləcək.

Ölkəmizi təmsil edəcək komanda üzvlərinə uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.