Tanınmış astrofizik alimin 65 yaşı tamam olur Yan 21, 2025 | 15:01 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Bu gün görkəmli astrofizik, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, antronomiya elmləri doktoru Zahir Səmədovun 65 yaşı tamam olur.

Zahir Ağamurad oğlu Səmədov 21 yanvar 1960-cı ildə Şamaxı şəhərində anadan olub. O, 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsində təhsil alıb. 1985-1988-ci illərdə  Azərbaycan Respublikası Kosmik Tədqiqatlar İnstitutunun aspirantı olan Z.Səmədov 1993-cü ildə “A və F spektral sinifli ifratnəhəng ulduzların atmosferlərinin tədqiqi” mövzusunda   namizədlik dissertasiyasını müdafiə edib və Ukrayna Respublikası AAK tərəfindən Fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2008-ci ildə ona  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dosent elmi adı verilib.

Alim, 2022-ci ildə “A, F, G spektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və 2023-cü ildə Astronomiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Zahir Səmədov əmək fəaliyyətinə 1982-ci ildə başlayıb. O, 1982-1985-ci illərdə  Azərbaycan Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışıb. 1985-1988-ci illərdə Azərbaycan Respublikası Kosmik Tədqiqatlar İnstitutunda aspirantura təhsilini tamamladıqdan sonra 1988-1997-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi, 1997-2000-ci illərdə  Bakı Dövlət Universiteti "Fizika" fakültəsinin Astrofizika kafedrasında assistent, 2000-2006-cı illərdə baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosenti, AMEA Şamaxı Astrofizika rəsədxanasının əvəzçiliklə böyük elmi işçisidir.

"A - G spektral sinifli ulduz atmosferlərinin tədqiqi. Model usülu ilə ulduzların kimyəvi tərkibinin təyini, mikroturbulentliyin analizi. Ulduzların təkamül parametrlərinin təyini. Ayırd olunmayan qoşa  ulduzların ümumi spektrlərinin tədqiqi" mövzusunda elmi tədqiqatlarını davam etdirən alim, 100-ə yaxın elmi məqalənin, fənn proqramlarının, o cümlədən ”Astrofizikadan mühazirələr“ dərs vəsaitinin müəllifidir.

Əməkdaşımızı 65 illik yubileyi münasibəti ilə bütün rəsədxana kollektivi adından təbrik edir, ona elmi fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.