NASA-nın “OSIRIS-REx” missiyası Mart 05, 2018 | 13:03 / MARAQLI MƏLUMATLAR

NASA kosmik agentliyi “OSIRIS-REx” kosmik aparatını Florida ştatındakı Kanaveral burnundan Bennu astroidi istiqamətinə (2016) göndərdi.

Apollon astroidlər qrupuna daxil olan Bennu 1999-cu ilin sentyabrında Sokorro rəsədxanasında(ABŞ) kəşf edilib.

Astroidin orta ölçüsü 500 m-dir. Günəş ətrafında fırlanma periodu 1.2 il, böyük yarımoxu 1.13 a.v, ekssentristi 0,20385, kütləsi isə 1,4·1011·1014 kq-dır. Orbiti Marsla Venera arasında yerləşən Bennu astroidi altı ildən bir Yer orbitini kəsir.

“OSIRIS-REx” kosmik aparatı startdan sonra iki il ərzində Bennu astroidinin yanına uçacaq. Missiyanın məqsədi astroidin səthindən qrunt nümunələri gətirməkdir. Bunun üçün OSIRIS-REx astroidin üzərindəki orbitdə 505 gün xəritəçəkmə əməliyyatı aparacaq və alınan xəritələr əsasında astroidin səthindən süxur nümunələrinin götürülmə yeri təyin ediləcək.

OSIRIS-REx - in elmi avadanlığı altı cihaz blokundan ibarətdir:

1. OSIRIS-REx Camera Suite(OCAMS) - Üç çəkiliş kamerasından təşkil edilib: Birinci kamera səthin uzaqdan və yaxından detal çəkilişlərini  aparır; ikinci kamera dörd spektral sahədə çəkiliş aparır və nəticədə astroidin üç ölçülü modeli qurulacaq; üçüncü kamera suxurların yığılmasının mütəmadi çəkilişini aparacaq.

2. OSIRIS-REx Laser Altimeter(OLA) - Bu blokun vasitəsilə asteroid səthinin topoqrafik planı tərtib edilir və süxur götürülən nöqtələrin profili öyrənilir. Alınan məlumat asteroidin qravitasiya xəritəsinin qurmasında istifadə olunur.

3. OSIRIS-REx Visible and IR Spectrometer(OVIRS) – bu spektroqraf vasitəsilə asteroidin səthində üzvi və qeyri-üzvi maddələrin paylanmasının xəritəsi qurulacaq.

4. OSIRIS-REx Thermal Emission Spectrometer Spectrometer(OTES) – uzaq ifraqırmızı oblastda işləyən spektroqrafdır (4-50 mkm). Spektroqrafın əsas funksiyası asteroidin səthinin termal və mineral tərkibi xəritələrinin  qurulmasıdır.

5. Regolith X-ray Imaging Spectrometer(REXIS) - mülayim rentgen şüalarında (0.3-7.5  kev)  işləyən spektroqrafdır. O, səthin kimyəvi  tərkibini öyrənir. Asteroidin səthi  Günəşdən yayılan rentgen şüalarını udur və bir qismini yenidən şualandırır. Spektrometrin girişində yerləşən xüsusi kodlaşdırma maskaları isə rentgen teleskopu rolunu oynayır.

6. Touch-And-Go Sample Acquisition Mechanism(TAGSAM) - reqolit nümunəsinin asteroidin səthindən yığılması sistemi. Bu sistem xüsusi yığım bloku və köməkçi hissədən - açılan uzunluğu 3.5 metr manipulyator pəncəsindən ibarətdir. Həmin manipulyator aparatın səthə oturmadan nümunələrin yığılmasına imkan verir. Bu əməliyyat bort kameralarının biri ilə qeydə alınacaq. Xüsusi  konteynerdə 60 qramdan 2 kq-a qədər nümunə maddəsinin daşınması nəzərdə tutulub.

İstifadə olunmuş linklər:  www.nasa.gov/sites/default/files/thumbnails/image/16-019.png     

                                              brinktest.lpl.arizona.edu/  , spaceflight101.com/ 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.