Kosmik hava durumu və proqnozu Noy 04, 2024 | 10:11 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı əvvəlki səviyyədə qalaraq, maksimal sinifli alışma 3878 oblastında baş vermiş X2.0 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 14 ləkə qrupunda 220 ləkə və Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli  normal və orta səviyyədə olmuşdur, 10 MeV-dən çox enerji yüklü proton seli isə Günəşin fəallığı səbəbli yüksək səviyyədə qalmış və S1-S2 səviyyəli proton qasırğaları  01 noyabradək davam etmişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 647 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 23 nT, radial istiqamətdə isə  -19 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 436 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8 nT, radial istiqamətdə isə  -4 nT təşkil edir.

Hesabat dövründə 28-29 oktyabrda G1-G2 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Bu gün üçün isə sutkanın ilk saatlarında maqnetometrlərin göstəricisi  Kp indeksinin qısa müddətə 6-ya yüksəldiyini göstərir. Hal-hazırda isə geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4.5-ə bərabərdir və kosmik hava aktivdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (04-10 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə yenidən S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə sürətinin yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsi – TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə aktiv kosmik hava şəraiti gözlənilsə də, 10 noyabradək geomaqnit qasırğasının olacağı proqnozlaşdırılmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.