“Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” sisteminin tətbiqi ilə bağlı seminar-məşğələ keçirilib Mart 02, 2018 | 16:03 / TƏDBİRLƏR

Martın 2-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi” çərçivəsində Maliyyə Nazirliyi və “SİNAM” MMC-nin birgə hazırladığı “Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları”( BTMMH) sisteminin tətbiqi ilə bağlı seminar-məşğələ keçirilib.

Tədbirdə sözügedən layihənin Tətbiq Qrupunun rəhbəri Şəmsəddin Mənsimov çıxış edərək  bildirib ki, MTMMH sisteminin tətbiqi büdcədən maliyyələşən təşkilatlarda mühasibat uçotunun beynəlxalq və milli standartlara əsaslanan vahid prinsip üzərində qurulmasını, maliyyə hesabatlarının avtomatik rejimdə formalaşmasını və vaxtında təqdim olunmasını təmin edir. Ş.Mənsimov qeyd edib ki, hazırda MTMMH sistemi 127 büdcə təşkilatında tam tətbiq edilib:

“Büdcə təşkilarları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtib edilməsinin eyni proqram təminatı vasitəsilə həyata keçirilməsi nəticəsində həmin sistem dövlətin birləşmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verəcəkdir”.

“Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi”nin ekspert analitiki İbrahim Süleymanovun da qatıldığı tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda ŞAR-ın elmi işlər üzrə direktor müavini, f.ü.f.d Xıdır Mikayılov BTMMH sisteminin tətbiqi ilə bağlı verilən ətraflı və dolğun informasiyaya görə layihə rəhbərliyinə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.