Kosmik hava durumu və proqnozu Okt 07, 2024 | 11:10 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı yüksək səviyyədə qalmışdır. 3842 ləkə oblastı aktivdir və 25-ci tsiklin ən güclü alışması - X9.0 sinifli alışma baş vermişdir. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 167 ləkə və Tac Dəliyi müşahidə olunur. Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələrək normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 648 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə  -12 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti  465 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8.9 nT, radial istiqamətdə isə -1.2 nT təşkil edir.

Hesabat dövründə X sinifli alışmalar, alışmalara bağlı TKA-ın təsiri ilə 04-05 oktyabrda G2(orta) - G3(güclü) səviyyəli geomaqnit qasırğası gözlənilsə də, geomaqnit qasırğası 06 oktyabr axşam saatlarından başlamışdır və qeyd olunan maksimal səviyyə G2-dir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (07-13 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksələcəyi gözlənilir.  

Günəş küləyinin sürətinin də TKA-nın və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsi –  Gün ərzində geomaqnit qasırğasının G1 səviyyəsində davam edəcəyi gözlənilir. 09 oktyabradək isə TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri gözlənilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.