Kosmik hava durumu və proqnozu Sen 30, 2024 | 10:09 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı azalaraq, maksimal sinifli alışma 3835 oblastında baş vermiş M3.5 sinifli alışma olmuşdur. Alışmalarla bağlı olaraq 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 9 ləkə qrupunda 154 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində Tac dəliyi müşahidə olunmur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 23 sentyabrda 1386 pfu-ya yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 580 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 440 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8.04 nT, radial istiqamətdə isə 0.33 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi TKA-nın və Tac dəliyinin təsiri ilə yüksələrək 24-25 sentyabrda G1 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bərabərdir və geomaqnit sahəsi aktivdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (30 sentyabr - 06 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin sürətinin Tac Dəliyi Axınlarının təsiri gün ərzində sürətlənəcəyi, sonra isə nominal qiymətlərə geri dönəcəyi gözlənilir.

Geomaqnit sahəsi - Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə geomaqnit sahəsi bu gün aktiv olsa da, növbəti günlərdə kosmik havanın sakit olacağı, 29 sentyabrda baş vermiş TKA-nın təsirinin isə 02-03 oktyabrda Yerə təsiri gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.