Kosmik hava durumu və proqnozu Avg 26, 2024 | 12:08 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı nisbətən azalaraq, həftə boyunca M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 3796 3800 regionlarında qeydə alınan M5.1 sinifli alışmaolmuşdur. Alışmalara bağlı olaraq  II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq  11 ləkə qrupunda 178 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 475 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (307 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.3 nT, radial istiqamətdə isə  -4.13 nT təşkil edir.  Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit - aktiv səviyyələrdə olmuş, geomaqnit qasırğası baş  verməmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (26 avqust – 01 sentyabr ) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 70%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 26-28 avqust tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.  

Günəş küləyinin  23 avqustda baş vermiş TKA-ın təsiri nəticəsində Günəş küləyinin sürətinin  bu gün yüksəkləcəyi proqnozlaşdırılır.

Geomaqnit sahəsinin  sakit-aktiv səviyyələrdə olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.