Kosmik hava durumu və proqnozu Avg 05, 2024 | 10:08 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. Maksimal sinifli alışma 3772 regionunda qeydə alınan M9.4 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq  II və IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı qismən artaraq 10 ləkə qrupunda 194 ləkə müşahidə olunur. 37723774 ləkə qrupları mürəkkəb quruluşa (β-γ-δ) malikdir, 3780 ləkə qrupunda güclü alışma baş verməsi ehtimalı ola bilər. Həftə ərzində bir neçə Yerə doğru istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.  

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 505 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -17 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 469 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 15.5 nT, radial istiqamətdə isə  10.4 nT təşkil edir.

Hesabat dövrü ərzində gözlənilən TKA-nın təsiri ilə 31 iyul - 02 avqust tarixlərində geomaqnit sahəsinin intensivliyi G1 səviyyəsinə yüksəlmişdir. Həftə içi qeydə alınmış TKA-ın təsiri isə dünən güclü geomaqnit qasırğasına (G3 səviyyəli) səbəb olmuşdur.  Hal-hazırda Kp indeksi 2.3-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (05  – 11 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə ləkələrin aktivliyinə əsasən S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.  

Günəş küləyinin 06-07 avqustda nominal qiymətlərə geri dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin TKA-ın təsiri ilə bu gün G1(zəif) səviyyəli geomaqnit qasırğası, 06-07 avqustda isə qeyri-stabil olacağı gözlənilir. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.