Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib Fev 26, 2018 | 16:02 / TƏDBİRLƏR

Fevralın 26-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan f-r.ü.f.d. Kamal Hüseynov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Natiq erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla həyata keçirilən soyqırımın acı statistikasını yada salıb: “Ermənilərin törətdiyi vəhşiliyin nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb”.

K.Hüseynov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu soyqırıma ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib, onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis 26 fevralı "Xocalı soyqırımı və milli matəm günü" kimi qəbul edilib.

Sonra f-r.e.d, prof. Nəriman İsmayılov çıxış edərək Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. Alim bu günə kimi dünya birliyinin soyqırıma lazımi qiymət vermədiyini deyib: “Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, xalqımıza qarşı törədilən cinayət cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Xocalıda törətdiyi hərbi cinayətə əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir”.

Daha sonra tədbirdə f-r.ü.f.d Canməmməd Rüstəmov, f-r.e.d  Sabir Məmmədov, f-r.ü.f.d Bayram Rüstəmov və rəsədxananın elmi işçisi Arif Qəmbərov çıxış edərək Qarabağ müharibəsi zamanı ermənilərin törətdikləri vəhşi­liklərdən, Xocalı soyqırımının dəhşətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.