Rəsədxanada elmi-praktiki konfrans keçirilib Apr 29, 2024 | 09:04 / KONFRANSLAR
Şamaxı Rayon İcra Hakimiyyətinin, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə ŞAR-da Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində "Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdən öncə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.
Konfransda çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, rəsədxananın baş direktoru Namiq Cəlilov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq ölkəmizdə bu istiqamətdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu ekoloji siyasət haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
"Qlobal iqlim dəyişikliyinin elmi aspektləri" mövzusunda geniş məruzə ilə çıxış edən Namiq Cəlilov, ölkəmizdə aparılan ekoloji siyasət strategiyasının ümumi konturları və prinsiplərini şərh edib. Qeyd edib ki, müasir çağırışlara uyğun şəkildə həyata keçirilən ekoloji siyasətimiz ekoloji tarazlığın bərpasına, ekologiyanın qorunmasına hesablanmış kompleks fəaliyyəti özündə əks etdirir.
Tədbirin sonunda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq Cəlilova təltif olunduğu ADPU-nun 100 illik “Yubiley” medalı təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.