Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Apr 26, 2024 | 11:04 / ASTRO SEMİNARLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri“ şöbəsinin aparıcı elmi işçisi, a.f.d, dosent Həmayil AdıgözəlzadəV1295 Aql ulduzunun spektrində hidrogen, CaII H və K xətlərinin uzunmüddətli dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda qeyri-adi Ae Herbiq tipli HD190073 ulduzunun 2016-2023-cü illərdə alınmış spektral material əsasında uzunmüddətli spektral dəyişmələrinin təhlilini diqqətə çatdırıb. Bildirib ki, işdə standart ulduzların  sintetik spektrindən istifadə edərək ilk dəfə H və K CaII  xətlərinin fotosfer profilindən təmizlənmiş profilləri alınmışdır. Bütün bu xətlər tipik P Cyg profili göstərir və hidrogen xətlərinin profili ilə eynidir. Fərq profilinin göy qanadında müşahidə olunan dərin udulma güclü dəyişmələr göstərir. Uzunmüddətli dəyişkənliklərin tam dövrünün təxminən 11 il olması ehtimal edilir.  Tədqiqat işinin nəticələrinə əsasən ulduzun fundamental parametrləri və təkamül statusu təyin edilmişdir.

Məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.