Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib Apr 18, 2024 | 11:04 / SEMİNARLAR

17 aprel 2024-cü il tarixdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının genişləndirilmiş ümumrəsədxana seminarında “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynovun “Fəal nüvəli qalaktikaların spektral və fotometrik dəyişkənlik xüsusiyyətləri” mövzusunda 2108.01 - “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə astronomiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Elmi seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Nazim Hüseynov tədqiqat mövzusunun aktuallığı, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələri, üsulları, elmi yeniliyi, əldə olunan əsas nəticələr haqqında geniş məlumat verib.

Məruzəçi çıxışında ilk öncə tədqiqat işində istifadə olunan teleskoplar və alınmış müşahidə materiallarının işlənməsi metodikasından danışıb. Qeyd edib ki, tədqiq olunan qalaktikaların spektral müşahidələri əsasən ŞAR-ın 2 metrlik teleskopunda müasir tələblərə cavab verən CCD spektroqraf ilə aparılmışdır.

Dissertasiya işində dünyanın müxtəlif teleskoplarında alınmış spektral və fotometrik müşahidə materiallarından istifadə etməklə, rentgendən infraqırmızı oblasta (İQ) qədər bütün spektral diapazonda (radiodiapazon istisna olmaqla), seçilmiş Fəal Nüvəli Qalaktikalar tədqiq olunmuşdur. Tədqiqat işində müxtəlif seyfert qalaktikalarında spektral tipin dəyişməsi qeyd edilmişdir. 

Çıxışın sonunda rəyçilərin təklif və iradları dinlənilib, iddiaçı tərəfinən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilərək, işin müdafiyəyə təqdim olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.