Kosmik hava durumu və proqnozu Apr 08, 2024 | 14:04 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı zəifləmişdir və maksimal sinifli alışma 01 apreldə 3625 regionunda baş vermiş M3.1 olmuşdur. Hesabat dövrü ərzində bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı  artaraq 6 ləkə qrupunda 79 ləkə qeyd olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 653 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə -7 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti normaldır (360 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 2.4 nT, radial istiqamətdə isə -2.1 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi qeyri-stabil olsa da, geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (08-14 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 35%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

Günəş küləyinin isə müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsiri ilə 09-10 apreldə sürətlənəcəyi  gözlənilir.

Geomaqnit sahəsi – Müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsirilə geomaqnit sahəsinin qeyri-stabil və aktiv səviyyələrdə olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.