Rəsədxana alimlərinin Estoniya astronomları ilə elmi müzakirəsi keçirilib Mart 27, 2024 | 11:03 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Avropa Birliyinin HORIZON 2020 qrant layihəsi çərçivəsində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) üçün "Database" (verilənlər bazası) yaratmaq barədə Estoniyanın Tartu Rəsədxanasının astronomları ilə ZOOM platforması üzərindən onlayn müzakirə aparılıb. Müzakirədə ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, a.e.d., dosent Canməmməd Nizam oğlu Rüstəmov, hal-hazırda ŞAR-ın Tartu Rəsədxanasında olan elmi işçiləri Aytac İskəndərova və Zümrüd Vidadi, o cümlədən Tartu Rəsədxanasının ulduz şöbəsinin bütün əməkdaşları iştirak edib.

Onlayn müzakirədə Estoniyanın Tartu Rəsədxanasının astronomu Tönıs Eenmae məruzə ilə çıxış edərək "Database" yaradılması istiqamətində lazım olan görüləsi işlərdən, alınması vacib olan köməkçi avadanlıqlardan, proqram təminatından və s. danışıb. ŞAR-da alınmış eşelle spektrlərin fits başlığında vacib olan dəyişiklikləri qeyd edib.

Çıxışın yekununda mövzu ilə əlaqədar geniş müzakirə aparılıb və verilən suallar cavablandırılıb.

Tartu Rəsədxanasının astronomu Dr. Anna Aret də müzakirə olunan məsələ ilə əlaqədar fikrini bildirib. Qeyd edib ki," Database"də ŞAR-da alınmış eşelle spektrlər yerləşdiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.