Kosmik hava durumu və proqnozu Mart 18, 2024 | 12:03 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olmuş, maksimal sinifli alışma cənub-şərq limbi yaxınlığında (S14E88) baş vermiş  M3.53 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində 10 sm dalğa uzunluğunda radioalışmalar baş vermişdir. Hesabat dövrü ərzində bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 7 ləkə qrupunda 86 ləkə və böyük Tac Dəliyi qeyd olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 11 martda 1417 pfu, 10 MeV-dən çox enerji yüklü proton seli isə 15-16 martda 16 pfu-dək (S1) yüksəlmişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 658 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -13 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (295 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 3.9 nT, radial istiqamətdə isə 4.5 nT təşkil edir.

Hesabat dövrü ərzində  S1 səviyyəli radiasiya (proton) qasırğası baş vermiş, geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 0.3-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (18-24 mart) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsinə qayıdacğı gözlənilir.

Günəş küləyinin sürətinin  17 martda baş vermiş TKA-nın təsiri ilə 20 mart tarixinə artacağı gözlənilir.

Geomaqnit sahəsi - 17 martda qeydə alınmış TKA-nın təsiri ilə 20 martda G1 (zəif)  geomaqnit qasırğası baş verməsi ehtimalı var. Həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin 24 martda Yerə təsiri gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.