Rəsədxanada ustad dərslərinə start verilib Mart 15, 2024 | 14:03 / SEMİNARLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə rəsədxanada gənc tədqiqatçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ustad dərslərinə başlanılıb.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov "Ulduz spektroskopiyası (I hissə)" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə ulduz astrofizikasının bir sıra praktik və nəzəri məsələləri barədə məlumat verilib. Əsasən üç istiqamətdə - ulduz fizikasının tədqiqi metodları, cihaz və alətlər; spektroskopik tədqiqatlar, onların fiziki əsasları və informatika; ulduz baza verilənləri, kataloqlar və informativ resurslar istiqamətində müasir elmi standartlara uyğun məlumatlar gənc alimlərin diqqətinə çatdırılıb. Öyrədici xarakter daşıyan məruzədə müşahidə metodu, alınan materialın emalı qaydası, ölçmələrin aparılması, əldə olunan nəticələrin interpretasiyası məsələləri şərh edilib. 

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.