Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib Mart 15, 2024 | 13:03 / SEMİNARLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Dissertasiya Şurasının elmi seminarında rəsədxananın elmi işçisi Günay Məhərrəm qızı Hacıyevanın “Seçilmiş A və F spektral sinifli ulduzlarda qeyri-stosionarlıq və kimyəvi tərkib” mövzusunda astronomiya elm sahəsinin 2108.01 - “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə təqdim olunmuş fəlsəfə doktoru dissertasiya işinin elmi seminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya elmləri doktoru, dosent Canməmməd Rüstəmov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Günay Hacıyeva çıxışında ifratnəhəng və nəhəng ulduzlara dair indiyədək görülmüş elmi-tədqiqat işlərinin nəticələrindən danışıb. İddiaçı tərəfindən təqdim olunmuş işdə konkret olaraq seçilmiş 89 Her, HD 161796, φ Cas, 44 Cyg, HD 207260 və s. ifratnəhəng ulduzlarının ŞAR-ın 2 metrlik teleskopunda alınmış spektrləri əsasında bu ulduzların atmosferində baş verən qeyri-stasionar və periodik proseslərin analizindən alınmış hesablamaların nəticələri göstərilib. Qeyd edilib ki, işdə seçilmiş F spektral sinifli ulduzların atmosferinin fundamental parametrləri: effektiv temperaturu, ağırlıq qüvvəsinin təcili və kimyəvi tərkibi təyin edilmişdir. Təkamül əyrilərindən istifadə etməklə ulduzların təkamül parametrləri: kütləsi, radiusu, işıqlığı təyin edilmişdir.

Çıxışdan sonra rəyçilərə söz verilib, onların təklif və iradları dinlənilib. İddiaçı tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb və yekun müzakirələrdən sonra dissertasiya işinin müdafiyəyə təqdim olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.