Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib Mart 15, 2024 | 11:03 / SEMİNARLAR

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Dissertasiya Şurasının elmi seminarında Bakı Mühəndislik Universitetinin dissertantı Həzi Ənvər oğlu Qasımovun “Periodik kometlərin kinematik və statistik xüsusiyyətləri” mövzusunda astronomiya elm sahəsinin "Planetologiya" (2104.01) ixtisası üzrə təqdim edilmiş fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib.

Elmi seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Həzi Qasımov çıxışında periodik komet sisteminin bir sıra kinematik xüsusiyyətlərinə dair görülmüş elmi-tədqiqat işlərinin nəticələrindən danışıb. İddiaçı, periodik kometlərin nəhəng planetlərə görə ailələrə bölünməsi prinsipləri, onların MOİD-lərinin, afelilərinin və Holeçek funksiyası üzrə paylanmalarının nəticələrini təqdim edib. Qısaperihelli (sungrazer) və uzundövrlü kometlər sistemində komet cütlüklərinin müəyyən olunması üçün apardığı tədqiqat işləri barədə ətraflı məlumat verib. İddiaçı, ilk dəfə aşkar olunma tarixlərinə görə periodik və uzundövrlü kometlərin 11 illik Günəş fəallığının fazası üzrə aşkar olunma intensivliyi barədə nəticələri təqdim edib. Təqdimatının sonunda Saturn komet ailəsinin Günəş fəallığına göstərdiyi reaksiya, ailənin varlığı barədə yeni dəlillərin axtarışının nəticələrindən danışıb.

Çıxışın sonunda rəyçilərin təklif və iradları dinlənilib, iddiaçı tərəfinən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilərək, işin müdafiyəyə təqdim olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.