Estoniyalı astronom rəsədxanada ezamiyyətdə olub Mart 05, 2024 | 15:03 / MÜHÜM HADİSƏLƏR

Estoniya Respublikası Tartu Rəsədxanasının astronomu, massiv ulduzların tədqiqi sahəsində tanınmış mütəxəssis, Dr. Anna Aret Avropa Birliyinin HORIZON 2020 qrant layihəsi çərçivəsində 1 ay müddətində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi ezamiyyətdə olub.

Səfər çərçivəsində Dr. Anna Aret ŞAR-ın 2-m və 60 sm teleskopları ilə tanış edilib. 2-m teleskopda alınmış spektrlərin və 60-sm teleskopda alınmış fotometrik təsvirlərin işlənmə metodikası göstərilib. Gələcəkdə bu istiqamətdə tədqiqatların Tartu Rəsədxanasının əməkdaşları ilə birgə aparılması barədə razılıq əldə edilib. Tartu rəsədxanasının əməkdaşlarının köməyi ilə ŞAR-da verilənlər bazası (Database) yaradılması barədə qərar qəbul edilib ki, bu da öz növbəsində ŞAR-ın dünyanın qabaqcıl rəsədxanaları ilə əməkdaşlıq imkanlarını artıracaqdır.

Ezamiyyət müddətində Dr. Anna Aret  ŞAR-ın elmi seminarında da çıxış edib. Çıxış zamanı Tartu Rəsədxanasında aparılan astronomik tədqiqatlar, onların müşahidələr zamanı istifadə etdikləri teleskoplar və köməkçi qurğular barədə geniş məlumat verib.

Qeyd edək ki, son illər ŞAR-ın Tartu Rəsədxanası ilə əməkdaşlığı genişlənir. İndiyə kimi ŞAR-ın 6 əməkdaşı Tartu Rəsədxanasında uzunmüddətli ezamiyyətdə olmuşlar və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.