Xocalıda qürurla dalğalanan bayrağımız xalqımızın sarsılmaz birliyinin, qəhrəmanlığının təcəssümüdür Fev 26, 2024 | 10:02 / MÜHÜM HADİSƏLƏR

Xüsusi qəddarlıqla törədilən Xocalı qətliamı erməni millətçilərinin əsrlərdir təkcə  Azərbaycan xalqına deyil, ümumilikdə türk xalqlarına qarşı apardığı düşmənçilik siyasətinin qanlı səhifəsi kimi yaddaşlara həkk olundu. Həmin daşnaqçı ideologiyasının əsas hədəfi olan Qarabağı Ermənistana birləşdirmək planı üzrə ötən əsrin sonlarında ermənilər rus imperiyasının dəstəyilə hərəkətə keçərək silahlı əməliyyat hücumlarını daha da gücləndirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı soyqırımı törətdi.  

Həmin dövrdə beynəlxalq media nümayəndələrinin faciə ilə bağlı yazdıqları məqalələrə nəzər saldıqda, qətliamı törədən cinayətkarların öz yazdıqlarını oxuyanda görürük ki, qeyd olunanlar ötən dövrlərdə yazılan əsərlərdə şərh olunmuş erməni vəhşiliyinin ssenarisi ilə eynidir. Ermənistanın separatçı siyasəti uzun illərdir ümumilikdə türkə nifrət hisləri oyadan bədii əsərlərdə və keşişlər tərəfindən kilsələrdə geniş təbliğ olunur.

Əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla 600-dən çox dinc sakinin misli görünməmiş amansızlıqla qətlə yetirilməsiylə nəticələnən bu qanlı hadisə Ümummili lider Heydər Əliyevin də vurğuladığı kimi eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu dəhşətli soyqırımının əsl mahiyyəti də məhz Ulu Öndər 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı, 1994-cü ilin fevralında isə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.

O zamandan etibarən bu faciənin soyqırımı kimi tanıdılması, tarixi faktların  beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində dövlət səviyyəsində sistemli əməli tədbirlər görülür. Respublika Prezidenti cənab İlham Əliyev soyqırımı törədənlərin ifşa olunaraq cəzalandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə  Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti, xüsusən də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində faciə ilə əlaqədar dəhşətli faktlar dünya ictimaiyyətinə çatdırılıb, milyonlarla insan erməni faşizmini əks etdirən sənədli materiallarla tanış olub. Bütün bu aksiyaların məqsədi təbii ki, Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsiylə yanaşı, onun təşkilatçılarının və icraçılarının ifşasına və cəzalandırılmasına nail olmaq idi.

Ölkəmizə rəhbərlik etməyə başladığı ilk zamanlardan etibarən Prezident İlham Əliyev hər çıxışında şəhidlərimizin, xüsusən də Xocalı qətliamının qurbanlarının qanının yerdə qalmayacağını və bunun hər birimizin insanlıq və vətəndaşlıq borcu olduğunu vurğulamışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət başçımızın güclü siyasi iradəyə malik qüdrətli sərkərdə olduğunu bütün dünyaya nümayiş etdirdi. Tarixi qələbəmizi təmin edən cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq sayəsində Xocalı şəhəri 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Ərazi bütövlüyümüzün bərqərar edilməsiylə tarixi ədalət bərpa olundu. 32 il əvvəl yaşanan qanlı hadisənin hər birimizin qəlbində dərin iz buraxdığı bu şəhərdə hazırda Azərbaycan Bayrağının qürurla dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Doğrudur, biz əzəli torpaqlarımızı azad edərkən intiqam almadıq, işğalçı Ermənistanın torpaqlarımıza sahib çıxan əhalisinə nəinki silah yönəldilmədi, əksinə onların illər öncə buraya köçürüldükləri torpağa sağsalamat geri dönməsini təmin etdik. Həmin hadisələrin şahidi olan ermənilər, eləcə də bu prosesləri  izləyən erməni separatçılarının havadarları da əleyhimizə deməyə bir kəlmə belə söz tapmadı. Daşnaqçı ermənilərin əsrlərdi yürütdüyü antitürk ideologiyasının yetirmələri olan Xocalı soyqırımını təşkil edən cəlladların  bir-birinin ardınca həbs edilərək əli qandallı Azərbaycanın Ədalət Məhkəməsində ittiham olunması faktı faciə qurbanlarının qisasının alındığını deməyə əsas verir. Hər dəfə o günahsız körpələrə, dinc sakin olan yaşlılara qıyan əliqanlı canilərin yaxalanaraq həbs olunması təkcə Xocalıların deyil, bütün xalqımızın ürəyinə illərdi saplanan tikanları bir-bir qoparıb çıxarır...

Bu gün biz Xocalı faciəsi qurbanlarının xatirəsini ilk dəfə olaraq tamamilə fərqli hisslərlə anırıq. Bu əlbəttə ki, soyqırımı qurbanlarının qanının yerdə qalmadığının şahidi olmaq kimi əvəzsiz qüruru bizə yaşadan qəhrəman oğullarımızın rəşadəti sayəsindədir. Yaşadığımız bu fəxarət hissləri bizlərə bir daha xalqımızın sarsılmaz birliyinin, qüdrətinin böyüklüyünü aşılayır.

Hazırda Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən müvafiq təşkilatlar, cəmiyyətlər də soyqırımı qurbanlarının anım günüylə bağlı müxtəlif aksiyalar təşkil edir. Erməni terrorunu əks etdirən nəşrlərdən ibarət sərgilər, foto və video materiallar nümayiş olunur. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatlarda olduğu kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəssisələrində də Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir. Bu tədbirlərə AMEA-nın müxbir üzvü Namiq Cəlilovun rəhbərliyi ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika İnstitutunun əməkdaşları da qoşulur, alim və mütəxəssislərimiz şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.   

Aqillər yaxşı deyib, yer üzündə olan bütün vəhşiliklərin sonu onu törədənlərin məhvinə gətirib çıxarır. Ata-baba yurdumuz olan doğma torpaqlarımızın istiqlaliyyəti uğrunda apardığımız haqq savaşında qazanılan şanlı qələbə bütün dünyada əks-səda doğurdu. Bu zəfər ürəyimizə saplanan Xocalı yarasını sağaltmasa da, şəhidlərimizin qanının yerdə qalmaması baxımından böyük bir təsəlli oldu. Yaxın zamanlarda qədim mədəniyyətə, böyük ədəbi mühitə və zəngin tarixi irsə malik doğma Qarabağda, o cümlədən Xocalıda həyat yenidən dirçəldiləcək. Soyqırımı qurbanlarının əziz xatirəsi isə xalqımızın qəlbində daim yaşayacaq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.