Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Fev 26, 2024 | 09:02 / ASTRO SEMİNARLAR

Fevral ayının 23-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının genişləndirilmiş astroseminarı keçirilib. 

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Batabat Astrofizika Rəsədxanasının "Səma cisimlərinin mövqe müşahidələri" şöbəsinin müdiri, Naxçıvan Dövlət Universitetinin "Ümumi və nəzəri fizika" kafedrasının müəllimi Ruslan Məmmədov “CH Cyg simbiotik ulduzunda qısa periodlu fotometrik dəyişmələr” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə AAVSO verilənlər bazası əsasında CH Cyg simbiotik ulduzunun 1988-2020-ci illər aralığı üçün yalnız V süzgəcində parlaqlıq əyrisi qrafiki qurulmuş və bu qrafikdə ulduzun qısa periodlu dəyişmələri axtarılmışdır. 

Periodikliyin araşdırılması üçün bütün müşahidə nəticələrinə "Scargle" metodundan istifadə etməklə statistik spektral Furye analizi tətbiq edilmişdir. Nəticədə ulduzun ~95 günlük qısa periodlu dəyişmələri tapılmışdır. "Scargle" metodundan istifadə etməklə CH Cyg simbiotik ulduzunun parlaqlığının dəyişməsində ~95 günlük periodun tapılan qiymətləri müxtəlif zamanlarda müxtəlif tədqiqatçılar tərəfindən tapılmış qiymətləri ilə müqayisə edilmiş və uyğunluq aşkarlanmışdır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.