IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib Fev 12, 2024 | 15:02 / MÜHÜM HADİSƏLƏR

Fevralın 10-da ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib. Onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1190 nəfər şagird qeydiyyatdan keçib.

Təşkilat komitəsinin qərarına əsasən toplam 46 baldan 50% və daha çox, yəni minimum 23 bal toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Finalda iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq.

IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.