Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Yan 26, 2024 | 15:01 / ASTRO SEMİNARLAR

26 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Əl-Fərabi Qazax Milli Universiteti “Fizika və Texnologiya” fakültəsinin Astrofizika şöbəsinin əməkdaşı fizika və astronomiya üzrə fəlsəfə doktoru Gülnur Subebekova “Kataklizmik dəyişən ulduzların akkresiya disklərinin strukturu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda kataklizmik dəyişən ulduzlar komponentlərindən danışıb. Qeyd edib ki, bu, birinin ağ cırtdan, digərinin isə baş ardıcıllığın K-M spektral sinifli ulduz olduğu qarşılıqlı təsirdə olan sıx qoşa sistemlərdir. İkinci komponent Roş sərhəddini doldurduqdan sonra ağ cırtdana maddə axını başlayır və ağ cırtdanın ətrafında akressiya diski yaranır. Orbital periodlara görə kataklizmik dəyişənlər bir neçə tipə bölünürlər. Uzun periodlu sistemlərdə Balmer emissiya xətlərinin çox komponentli strukturu müşahidə olunur. Həmçinin, bu xətlərin mənbələri akkressiya diskindən kənarda yerləşir. Həmin emissiya xətlərinin mənbələrinin müəyyən edilməsi istiqamətində elmi tədqiqat işləri davam etdirilir.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.