Kosmik hava durumu və proqnozu Yan 22, 2024 | 10:01 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı zəifləyərək, maksimal sinifli alışma 3559 oblastındakı C6.6 sinifli alışma olmuşdur. Yanvarın 20-də Yerə istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrinin sayı azalaraq, 9 ləkə qrupunda 150 ləkə və kiçik Tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 511 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8 nT, radial istiqamətdə isə -6 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 383 km/san (normal), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6.06 nT, radial istiqamətdə isə -2.32 nT təşkil edir. Kp indeksi 1.7-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (22-28 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yanvarın 20-də baş vermiş TKA-nın təsiri ilə  yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə 22-23 yanvarda artacağı gözlənilir.

Geomaqnit sahəsi - Yanvarın 20-də baş vermiş TKA-nın təsiri gözlənilir. Bu gün və sabah G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.