Rəsədxanada 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib Yan 19, 2024 | 15:01 / MÜHÜM HADİSƏLƏR

Yanvar ayının 19-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Anım tədbirində rəsədxana rəhbərliyi, şöbə müdirləri və bütünlükdə ŞAR əməkdaşları iştirak edib.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanan tədbiri rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov giriş sözü ilə açaraq, illər ötməsinə rəğmən bu faciənin tariximizin ən qanlı səhifələrindən biri kimi yaddaşımıza həkk olunduğunu qeyd edib. O bildirib ki, 20 Yanvar faciəsi Sovet İmperiyasının öz hakimiyyətini qoruyub saxlamaq üçün son həmləsi idi və bu hadisə ilə sonrakı Qarabağ hadisələrinin əsası qoyuldu. Qanlı yanvar gecəsinin qurbanları ilə bağlı statistikanı şərh edən Namiq Cəlilov bu faciəyə ilk dəfə Heydər Əliyevin rəhbərliyi dövründə siyasi qiymət verilməsini xüsusi vurğulayıb. Qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 29 mart 1994-cü il tarixdə yanvar ayının 20-si Ümumxalq Hüzn günü kimi təqvimə salındı. 34 il ötməsinə baxmayaraq bu hadisənin dəhşəti əbədi bizimlə olacaq, çünki bizim Şəhidlər Xiyabanında həmin gecə həlak olmuş onlarla naməlum qəbrlər var. Alim çıxışının sonunda gəncləri tariximizi unutmamağa və gələcək nəsilləri vətənpərvər ruhda yetişdirməyə çağırıb.

Sonra ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov çıxış edib və öz çıxışında, XX əsrin 80-90-cı illərində artıq bir sıra müttəfiq respublikalarda ayrılmaq iddialarının baş qaldırdığını və bu iddialların hakimiyyəti çox qıcıqlandırdığını qeyd edib. Bu isə öz növbəsində həmin ölkələr - Qazaxıstan (1986), Gürcüstan (1989), Azərbaycan (1990), Litva (1991) üçün qanlı faciə ilə nəticələnib.

Daha sonra “Planetlər və kiçik səma cisimləri“ şöbəsinin baş elmi işçisi, müxbir üzv Əyyub Quliyev bu hadisə ilə bağlı öz xatirələrini bölüşüb. O, öz vətəndaşlarının üzərinə ordu yeritməyin Sovet İttifaqı tarixindəki ən rəzil addım olduğunu qeyd edib. Bildirib ki, həmin qanlı gün imperiyanın insanları qorxuya salaraq əsarətdə saxlamaq istəyi əks effekt verdi və 20 Yanvar faciəsi xalqımızın azadlıq hərəkatının başlanğıcı oldu.

Həmin dövrdə tələbə olan “Elmi əlaqələr və təşkilati məsələlər“ şöbəsinin müdiri Kamal Hüseynov ölkədən kənarda yaşayan azərbaycanlıların toplaşmasından, Heydər Əliyevlə görüşdən, onun açıq aşkar bütün həqiqətləri çatdırması və istefasından bəhs edib.   

Anım tədbirindən sonra rəsədxana əməkdaşları şəhidlər xiyabanını ziyarət edərək faciə qurbanlarının məzarları önünə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.